Marneulidə Mikayıl Müşfiqin 118 illiyi qeyd olundu – gənclər şairin irsinə ehtiram nümayiş etdirdilər
11 iyun 2026-cı il tarixində Tea House-da "Yeni Nəsilin Liderləri" təşəbbüs qrupu və "İnkişaf və Təhsil Mərkəzi" nəzdində fəaliyyət göstərən "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu"nun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 118-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir zamanı iştirakçılara Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat təqdim olunub. Şairin keçdiyi ömür yolu, Azərbaycan poeziyasına bəxş etdiyi dəyərli töhfələr, sevgi mövzusunda qələmə aldığı əsərlər, eləcə də həyatının faciəli sonluğu barədə danışılıb.
Tədbirin interaktiv hissəsində Mikayıl Müşfiqin şeirlərindən seçilmiş misralar gənclərə paylanılıb. İştirakçılar həmin misraları könüllü şəkildə səsləndirərək şairin yaradıcılığı ilə daha yaxından tanış olublar.
Proqram çərçivəsində Azərbaycanın görkəmli sənətkarları Lütfiyar İmanov və Şövkət Ələkbərovanın Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş ifaları dinlənilib.
Bundan əlavə, gənc şair Vaqif Səyyah Mikayıl Müşfiqin məşhur "Yenə o bağ olaydı" şeirini səsləndirərək iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində Tea House Rəssamlıq Kursunun üzvləri Gülanə Mahmudova və Ruzana Namazovanın rəsm əsərləri də sərgilənib. Nümayiş olunan əsərlər iştirakçıların böyük marağına səbəb olub və tədbirin mədəni atmosferini daha da zənginləşdirib.
Qeyd edək ki, tədbirin əsas məqsədi gənclər arasında Azərbaycan ədəbiyyatının təbliği, klassik ədəbi irsin tanıdılması və Mikayıl Müşfiqin yaradıcılığına marağın artırılması olub.
Tədbir "Yeni Nəsilin Liderləri" təşəbbüsünün rəhbəri Emil Allahverdiyev və "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu"nun rəhbəri Türkan Kazımlının təşkilatçılığı ilə həyata keçirilib.




