13 
Iyn
2026
12:56
103

Ekspert xəbərdarlıq edir: Gürcüstanda İyul-avqustda güclü istilik dalğaları görə bilərik

İqlim dəyişikliyi dünyanın qarşısında duran ən ciddi problemlərdən biri olaraq qalır. Beynəlxalq proqnoz mərkəzləri yaxın aylarda "El Niño" fenomeninin inkişaf edə biləcəyini istisna etmirlər. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, hazırkı sərin və yağışlı hava insanları aldatmamalıdır – yayın ikinci yarısında Gürcüstanda güclü istilik dalğaları müşahidə oluna bilər.

InterPress.ge xəbər verir ki, bu barədə ətraf mühitin qiymətləndirilməsi üzrə ekspert Mamuka Qvilava danışıb. Onun sözlərinə görə, "El Niño" və "La Niña" təbii iqlim hadisələridir və ENSO (El Niño–Southern Oscillation) adlanan dövrün iki fərqli fazasını təşkil edir.

Ekspert bildirib ki, "El Niño" tropik Sakit okeanda okean səthinin temperaturunun artması ilə xarakterizə olunur və bu proses dünyanın müxtəlif bölgələrində atmosfer sirkulyasiyasına, yağıntıların paylanmasına və ekstremal hava hadisələrinin artmasına təsir göstərə bilir.

"El Niño təbii hadisədir və bəşəriyyət tərəfindən yaradılmayıb. Bu proses orta hesabla 2-7 ildən bir baş verir və 9-12 ay davam edir. Lakin bu gün o, qlobal istiləşmə fonunda inkişaf etdiyindən bəzi regionlarda təsirləri daha qabarıq hiss oluna bilər", – deyə Qvilava qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanda müşahidə olunan hazırkı yağışlı hava şəraitini birbaşa "El Niño" ilə əlaqələndirmək düzgün olmaz.

"Gürcüstanın hava şəraitinə daha çox regional atmosfer prosesləri təsir göstərir. Qara dəniz, Aralıq dənizi siklonları, Qafqaz dağ sistemi və regional atmosfer sirkulyasiyası əsas rol oynayır. Lakin qlobal sirkulyasiyadakı dəyişikliklər müəyyən təsirlər göstərə bilər", – deyə ekspert bildirib.

Qvilava qeyd edib ki, hazırda sərin havaların hökm sürməsi yayın ikinci yarısında havanın kəskin istiləşməyəcəyi anlamına gəlmir.

"Bu gün sərin və yağışlı hava şəraitinin olması iyul və avqust aylarında çox isti hava və güclü istilik dalğalarının olmayacağı demək deyil. Şəxsən məni bugünkü sərin hava narahat etmir. Əksinə, iyul-avqust aylarında dözülməz istilərin başlaması məni daha çox narahat edər. Buna görə də yayın ikinci yarısında güclü istilik dalğaları görsək, təəccüblənməməliyik", – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, əsas problem məhz qlobal iqlim dəyişikliyidir.

"El Niño və La Niña-dan çox qorxmamalıyıq. Əsas təhlükə qlobal iqlim dəyişikliyidir. Əgər buna qarşı tədbirlər görülməsə, artıq dəyişmiş iqlim fonunda rekord istilər hətta La Niña şəraitində belə qeydə alına bilər", – deyə Mamuka Qvilava bildirib.

O, həmçinin qeyd edib ki, Gürcüstan iqlim dəyişikliklərinə uyğunlaşma (adaptasiya) və onların təsirinin azaldılması (mitiqasiya) istiqamətində daha ciddi addımlar atmalıdır.

"Mən çox sevindim ki, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkənin adaptasiya planı üzərində işə başladığını açıqladı. Bu plan keyfiyyətli hazırlanmalıdır. Günəş, külək və hidroenerji resurslarından ağıllı istifadə etməliyik. Əsas məqsəd isə ondan ibarət olmalıdır ki, bu sahələrdən əldə olunan gəlirlər ölkədə qalsın və Gürcüstanın inkişafına xidmət etsin", – deyə ekspert əlavə edib.

Mamuka Qvilava sonda vurğulayıb ki, "El Niño" təbii hadisə olsa da, insan fəaliyyəti nəticəsində yaranan qlobal iqlim dəyişikliyi ilə üst-üstə düşdükdə risklər daha da artır.

"Nəticə etibarilə yadda saxlamalıyıq ki, El Niño təbii hadisədir, iqlim dəyişikliyi isə insan fəaliyyətinin nəticəsidir. Bu iki amilin üst-üstə düşməsi əlavə təhlükələr yaradır", – deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər