13 
Iyn
2026
19:47
78

Gürcüstanda Milli Qurtuluş Gününə həsr olunmuş Qurtuluşdan Zəfərə adlı rəsm sərgisi və infosessiya keçirilib

Bu gün Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı rəsm sərgisi və infosessiya keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil Agentliyinin nümayəndələri, “Study in Azerbaijan” layihəsinin əməkdaşları, eləcə də GAİM-də təhsil alan şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri və əhəmiyyəti vurğulanıb, bu tarixi günün ölkədə ictimai-siyasi sabitliyin bərpasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində və davamlı inkişafın təmin olunmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası və inkişafında dönüş nöqtəsi olduğunu bildirib.

O qeyd edib ki, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə hökm sürən siyasi böhran və xaos aradan qaldırılıb, Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub.

Məhəbbət İmanovun sözlərinə görə, bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artıraraq regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Tədbir iştirakçıları, xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanan sərgi, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbir çərçivəsində Elm və Ali Təhsil Agentliyinin nümayəndəsi Həcər Kələbiyeva və “Study in Azerbaijan” layihəsinin məsul əməkdaşı Şəbnəm Səfərovanın iştirakı ilə “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib.

Çıxışçılar ölkənin ali təhsil sistemi, mövcud təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verərək təqdimatlar ediblər.

Infosessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən məlumat materialları təqdim olunub.

Tədbirin sonunda gənclər üçün furşet təşkil edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər