İran XİN: ABŞ-la danışıqların yeni mərhələsi memorandum imzalanan gün başlayacaq
İran və ABŞ arasında aparılan danışıqlar yeni mərhələyə qədəm qoyur. Tərəflər arasında imzalanacaq qarşılıqlı anlaşma memorandumu yekun razılaşmaya aparan prosesin başlanğıcı olacaq və əsas məqsəd 60 gün ərzində hərtərəfli sazişin əldə edilməsidir.
InterPress.ge xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İran mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatlarından sonra hərtərəfli razılaşmanın əldə olunması daha mürəkkəb xarakter alıb və bu səbəbdən tərəflər danışıqları iki mərhələyə bölmək qərarına gəliblər.
Nazirin izahına görə, birinci mərhələ müharibənin dayandırılması, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, dəniz blokadası, bərpa işləri və bununla əlaqəli məsələlərin həllinə yönəlib. Bu mərhələnin qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə yekunlaşacağı gözlənilir.
Abbas Əraqçi bildirib ki, ikinci mərhələ memorandumun rəsmi şəkildə imzalandığı gün başlayacaq və 60 gün davam edəcək. Bu müddət ərzində tərəflər İranın nüvə proqramı və Tehrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlı yekun razılaşmanın əldə olunmasına çalışacaqlar.
İranın xarici işlər naziri, həmçinin vurğulayıb ki, Tehran Livanda müharibənin dayandırılmasını regiondakı münaqişənin tam başa çatmasının ayrılmaz hissəsi hesab edir. Onun sözlərinə görə, hər iki cəbhədə baş verən hadisələr bir-biri ilə sıx bağlıdır.
Əraqçi qeyd edib ki, Livanda müharibənin sona çatması üçün işğala son qoyulması da zəruridir. O bildirib ki, İsrailin gələcəkdə Livan ərazisində hər hansı hərbi əməliyyat keçirməsi və ya bu ölkə ərazisində hərbi mövcudluğunu davam etdirməsi imzalanacaq memorandumun pozulması kimi qiymətləndiriləcək.


