16 
Iyn
2026
15:27
74

Qvaramiya: "Nə Giorgi Qedenidzeni tanıyıram, nə də onun məni təhqir etməsindən xəbərim olub"

Müxalif "Koalisiya Dəyişikliklər naminə"nin liderlərindən biri Nika Qvaramiya sosial şəbəkədə onun ünvanına yazıldığı iddia edilən təhqirə görə bir şəxsin 2 min lari cərimələnməsinə münasibət bildirib. O, baş verənləri "eşidilməmiş dəlilik" adlandırıb və prosesdən xəbərsiz olduğunu deyib.

InterPress.ge xəbər verir ki, Nika Qvaramiya bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, mediadan Giorgi Qedenidze adlı şəxsin "Facebook"da ona qarşı təhqiramiz ifadələr işlətməsi səbəbindən 2 min lari məbləğində cərimələndiyini öyrənib.

"Bir qədər əvvəl mediadan öyrəndim ki, hansısa Giorgi Qedenidzeni mənə 'Facebook'da etdiyi təhqirə görə 2 min lari cərimələyiblər. Nə Giorgi Qedenidzeni tanıyıram, nə də onun tərəfindən təhqir olunduğumu bilirəm. Əgər mən özümü təhqir olunmuş hesab etmirəmsə, dövlət mənim mövqeyim olmadan mənim ləyaqətimi necə 'müdafiə' edir?" – deyə Qvaramiya yazıb.

Müxalif siyasətçi paylaşımında hakimiyyəti də sərt tənqid edərək, keçmişdə ona qarşı təzyiqlərin göstərildiyini iddia edib.

"Həm də bunu edən həmin hakimiyyətdir ki, məni şantaj edib, dörd dəfə həbsə atıb, mənə qarşı təxribatlar təşkil edib, hər seçki öncəsi şəkillərimi bütün Tbilisidə yaydırıb, həyat yoldaşımı və övladlarımı gizli şəkildə lentə alıb, sonra həmin videoları mənə göndərib və daha nələr... Belə bir dəlilik eşidilməmişdir", – deyə o qeyd edib.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi "Koalisiya Dəyişikliklər naminə"nin liderlərindən biri Nika Qvaramiyanın təhqir olunması faktı üzrə Giorgi Qedenidzeyə 2 min lari məbləğində inzibati cərimə tətbiq edib.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 3-də Giorgi Qedenidze "Facebook" sosial şəbəkəsində "İmedi" telekanalının paylaşımına yazdığı şərhdə Nika Qvaramiyanı təhqir edib. Bildirilib ki, fakt Nifrət Nitqi ilə Mübarizə İdarəsi tərəfindən aşkarlanıb və iş Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi əsasında araşdırılıb.

Məlumata əsasən, nə Giorgi Qedenidze, nə də onun hüquqlarını müdafiə edən vəkil məhkəmə prosesində iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər