Kobaxidze: 300-400 min kilometr yürüşü olan avtomobillərin saxlanılması yenisini almaqdan daha baha başa gəlir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin 47,3 milyon lariyə 595 yeni avtomobil almaq qərarını şərh edib.
InterPress.ge xəbər verir ki, İrakli Kobaxidzenin sözlərinə görə, 300-400 min kilometrdən çox yürüşü olan avtomobillərin istismarı və saxlanılması yeni avtomobillərin alınmasından daha baha başa gəlir.
“Yanaşma belədir – əgər avtomobil 300 min və ya 400 mindən çox kilometr yol qət edibsə, onun dəyişdirilməsi zəruridir. Çünki belə avtomobillərin saxlanılması son nəticədə yenisinin alınmasından daha baha başa gəlir. Bu, çox sadə məntiqdir”, – deyə Baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, köhnəlmiş avtomobillərdən polis əməkdaşlarının, reyncerlərin və digər dövlət qurumlarının əməkdaşlarının istifadə etməsi məqsədəuyğun deyil.
“Amortizasiya olunmuş avtomobillərlə, məsələn, polis əməkdaşı və ya Kənd Təsərrüfatı Nazirliyinin reynceri hərəkət etməməlidir”, – deyə o bildirib.
Baş nazirin sözlərinə görə, alınacaq avtomobillərin əsas hissəsi Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulub.
“Əgər deyirsiniz ki, reyncer və ya polis avtomobillə deyil, araba ilə hərəkət etməlidir, bu başqa məsələdir. Hər il müəyyən sayda avtomobilin yenilənməsinə ehtiyac yaranır. Polisə, digər hüquq-mühafizə orqanlarına, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə nə qədər avtomobil lazım olduğunu hesablasanız, bunu başa düşəcəksiniz”, – deyə Kobaxidze vurğulayıb.
O əlavə edib ki, avtomobillərin mərkəzləşdirilmiş qaydada alınması dövlət xərclərinin azaldılmasına xidmət edir.
“Konsolidasiya olunmuş satınalma məhz dövlət resurslarına qənaət etmək üçündür. Dövlət avtomobilləri bu üsulla aldıqda, xərclərə təxminən 20-25 faiz qənaət edilir. Xərclərin azaldılması bu qurumun yaradılmasının və bu satınalmanın əsas məqsədidir”, – deyə Baş nazir bildirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin yeni yaradılmış “Mərkəzi Satınalma Orqanı” 47,3 milyon lari dəyərində 2026-cı il istehsalı olan 595 yeni avtomobil almağı planlaşdırır. Bu məqsədlə müxtəlif tipli nəqliyyat vasitələrinin alınması üçün 5 tender elan olunub. Tender sənədlərinə əsasən, hökumət pikap tipli xüsusi avtomobillər, hibrid avtomobillər və yüksək keçid qabiliyyətinə malik hibrid avtomobillər almağı nəzərdə tutur.


