23 
Iyn
2026
14:41
39

Maçavariani: “Kir Starmerin istefası Avropadakı qeyri-rəsmi oliqarxik qüvvələrin təsirinin növbəti nümunəsidir”

Parlamentdəki “Gürcü Arzusu” fraksiyasının sədrinin birinci müavini Levan Maçavariani Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası məsələsinə münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Levan Maçavariani parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, Starmerin istefası Avropanın aparıcı ölkələrinin hakim siyasi elitalarına qeyri-rəsmi oliqarxik qüvvələrin təsir göstərdiyini nümayiş etdirən növbəti nümunədir.

“Kir Starmerin istefası məsələsinə münasibət bildirmək istəyirəm. Bu, qeyri-rəsmi oliqarxik qüvvələrin, eyni zamanda ABŞ-ın hazırkı administrasiyasının ‘deep state’ adlandırdığı qüvvələrin Avropanın aparıcı ölkələrinin bugünkü hakim sinfini necə idarə etdiyinin daha bir nümunəsidir”, – deyə Maçavariani bildirib.

Onun sözlərinə görə, məhz Kir Starmerin baş nazir olduğu dövrdə Gürcüstanın iki müstəqil televiziya şirkəti – “İmedi” və “Pos TV”yə qarşı sanksiyalar tətbiq olunub.

Maçavariani, həmçinin, Böyük Britaniyanın ictimai yayımçısı BBC-nin Gürcüstandakı etiraz aksiyalarının dağıdılması ilə bağlı hazırladığı reportajı xatırladıb.

“Starmer dövründə Gürcüstanla bağlı son dərəcə gülməli qərarlar qəbul edildi. Böyük Britaniya hökuməti müstəqil televiziya kanalları olan ‘İmedi’ və ‘Pos TV’yə sanksiyalar tətbiq etdi və bunun səbəbi kimi guya bu televiziya kanalları vasitəsilə Ukraynanın suverenliyinin pozulmasını göstərdi”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Avropanın bir çox aparıcı ölkələrinin liderləri də Starmer kimi öz cəmiyyətlərində aşağı reytinqə malikdirlər.

“Cənab Starmer britaniyalıların etimadından istifadə etmirdi. Bunu onun 15 faizdən aşağı düşən reytinqi də göstərirdi. Təəssüf ki, bu gün Avropa İttifaqının aparıcı ölkələrinin bir çox liderləri də oxşar reytinqlərə malikdirlər”, – deyə Maçavariani bildirib.

Deputat əlavə edib ki, Avropada ictimai narazılığın əsas səbəblərindən biri nəzarətsiz miqrasiya, LGBT təbliğatı və onun sözləri ilə desək, “ultrasol ideologiya”dır.

Levan Maçavariani Gürcüstanla bağlı da danışaraq bildirib ki, Brüssel və onu idarə etdiyini iddia etdiyi qüvvələrin narazılığına səbəb ölkədə aparılan milli siyasətdir.

“Gürcüstanla bağlı narazılığın əsas səbəbi bizim hakimiyyətin həyata keçirdiyi milli siyasətdir. Biz milli və məsuliyyətli hakimiyyətik. Bidzina İvanişviliyə və ‘Gürcü Arzusu’nun üzvlərinə qarşı böyük təzyiqlərə baxmayaraq, bizi geri addım atmağa məcbur edə bilmədilər”, – deyə o bildirib.

Maçavarianinin sözlərinə görə, hakimiyyət Gürcüstanın “proksi dövlət” kimi istifadə olunmasına imkan verməyib və bundan sonra da sülh və sabitlik siyasətini davam etdirəcək.

“Xalqımızın dəstəyi ilə bu yolu davam etdirəcəyik. Bir addım belə geri çəkilməyəcəyik və Gürcüstanda sülhün və sabitliyin təminatçısı olacağıq”, – deyə Levan Maçavariani vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər