24 
Iyn
2026
12:42
193

Gürcüstanda ərzaq məhsullarının qiymətlərini müqayisə etmək üçün yeni portal istifadəyə verildi

Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi ailə səbəti proqramına daxil olan əsas ərzaq məhsulları üzrə məlumat portalı – www.ekalata.gov.ge-ni təqdim edib.

InterPress.ge xəbər verir ki, Agentliyin yaydığı məlumata əsasən, “Elektron səbət” platforması istehlakçılara müxtəlif market şəbəkələrində əsas ərzaq məhsulları üzrə ən sərfəli təklif və qiymətləri bir məkanda müqayisə etmək imkanı yaradacaq.

Məlumata görə, layihə Baş nazirin təşəbbüsü və parlamentin ərzaq məhsulları, dərman preparatları və yanacağın qiymət formalaşmasını araşdıran müvəqqəti komissiyasının tövsiyələri əsasında hazırlanıb. Bu çərçivədə ticarət şəbəkələri ailə səbətinə daxil olan əsas ərzaq məhsulları üzrə xüsusi təkliflər təqdim etməyə başlayıblar.

Portalda ailə səbətinə daxil olan 13 əsas ərzaq məhsulu üzrə 12 iri market şəbəkəsində mövcud olan ən aşağı qiymətlər yerləşdiriləcək. İstifadəçilər məhsulların qiymətlərini müqayisə edə, ən sərfəli təklifləri müəyyənləşdirə və öz alış-veriş səbətlərini formalaşdıra biləcəklər. Sistem seçilmiş məhsulların ümumi məbləğini də göstərəcək.

Portalın təqdimatı zamanı Agentliyin sədri İrakli Lekvinadze bildirib ki, platformanın əsas məqsədi istehlakçıların məlumatlılığını artırmaq və bazarda mövcud təklifləri daha şəffaf şəkildə təqdim etməkdir. Onun sözlərinə görə, yeni sistem FMCG sektorunda rəqabətin daha da güclənməsinə və vətəndaşların daha məlumatlı seçim etməsinə kömək edəcək.

Proqramda iştirak edən market şəbəkələri hər həftə Agentliyə əsas məhsullar üzrə ən sərfəli təklif və qiymətlər haqqında məlumat təqdim edəcəklər. Bu məlumatlar portalda mütəmadi olaraq yenilənəcək.

Bundan əlavə, layihənin gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ən sərfəli təkliflər barədə məlumatların televiziya və digər media vasitələrində yayılması, həmçinin mobil cihazlar üçün xüsusi tətbiqin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi 2023-cü ildən etibarən FMCG bazarında monitorinq aparır. Agentliyin qiymətləndirməsinə görə, 2025-ci ildə bu bazarın həcmi 14 milyard lariyə çatıb, təşkilatlanmış bazarın payı isə 64 faiz təşkil edib.

Bizimlə əlaqə saxlayın