24 
Iyn
2026
22:44
209

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul etdi – Demokratik geriləmə və müxalifətə təzyiqlərlə bağlı narahatlıq ifadə olundu

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul edib.

InterPress.ge xəbər verir ki, sənədi 83 deputat dəstəkləyib, 5 deputat əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qətnamədə qeyd olunur ki, Gürcüstanda demokratik geriləmə davam edir, eyni zamanda vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli fikirlərə qarşı təzyiqlər də sürməkdədir. Sənəddə Assambleyanın təcili şəkildə yerinə yetirilməsini tövsiyə etdiyi tədbirlərin heç birinin həyata keçirilmədiyi vurğulanır.

“Gürcüstanda demokratiyanın davamlı şəkildə zəifləməsi və Assambleyanın tövsiyələrinə reaksiya verilməməsi hakimiyyətin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti ilə bağlı ciddi suallar yaradır”, – sənəddə qeyd olunur.

Qətnamədə bildirilir ki, AŞPA Gürcüstan hakimiyyəti, eləcə də ölkədəki bütün siyasi və ictimai qüvvələrlə açıq və nəticəyönümlü dialoqa sadiq qalır.

Sənəddə vurğulanır ki, “Gürcüstanda faktiki olaraq bütün demokratik müxalifət partiyalarının qadağan edilməsi və onların liderlərinə qarşı siyasi motivli və uydurma ittihamlarla cinayət təqibinin başlanması qəbuledilməzdir”.

AŞPA qeyd edir ki, bu kursun davam etdirilməsi ölkədə faktiki olaraq təkpartiyalı diktaturanın formalaşmasına gətirib çıxara bilər və bu, demokratiyanın əsas prinsiplərinə, eləcə də Avropa Şurasına üzvlüklə bir araya sığmır.

Qətnamədə Gürcüstan hakimiyyətindən Konstitusiya Məhkəməsində müxalifət partiyalarının qadağan olunması ilə bağlı iddianın geri götürülməsi və siyasi motivli təqiblərin dayandırılması tələb olunur.

Sənəddə qeyd edilir ki, demokratik müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər, həmçinin ölkədə mövcud olan kəskin siyasi və sosial qütbləşmə şəraitində həqiqətən demokratik seçkilərin keçirilməsi üçün zəruri mühit mövcud deyil.

AŞPA hakimiyyəti bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi açıq və inklüziv siyasi prosesə başlamağa çağırır.

Qətnamədə ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılması, müxalifət nümayəndələri, media və etirazçılara qarşı hüquqi təqiblərin dayandırılması tələb olunur.

Sənəddə Nika Melia və Elene Xoştariyanın da adları çəkilir, onların barəsində çıxarılan qərarlar siyasi motivli və qeyri-proporsional cəza kimi qiymətləndirilir.

AŞPA həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun, “Xarici agentlərin qeydiyyatı haqqında” qanunun (GEOFARA) və qrantlarla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq ləğv edilməsinə çağırır.

Qətnamədə vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının getdikcə məhdudlaşdırıldığı, müstəqil media və qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlərin artdığı vurğulanır.

Sənəddə təhsil sahəsində aparılan son islahatların akademik azadlığa mümkün təsirləri ilə bağlı narahatlıq ifadə edilir və universitetlərin müstəqilliyinin qorunmasının vacibliyi qeyd olunur.

AŞPA eyni zamanda etiraz aksiyaları zamanı polis zorakılığı, insan hüquqlarının pozulması, saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftar iddiaları ilə bağlı etibarlı və müstəqil araşdırmaların aparılmadığını bildirir.

Qətnamədə xüsusilə Tbilisidə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı qadağan olunmuş kimyəvi maddələrin istifadə edildiyi barədə məlumatlarla bağlı ciddi narahatlıq ifadə olunur və bu faktların təcili şəkildə araşdırılması tələb edilir.

Bundan əlavə, AŞPA Gürcüstan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin müxtəlif işlər üzrə çıxardığı qərarların tam icrasını təmin etməyə çağırır.

Sənəddə ATƏT-in Moskva Mexanizmi çərçivəsində hazırlanmış ekspert hesabatının nəticələrinə də dəstək ifadə olunur və Gürcüstan hökumətinə həmin hesabatda yer alan tövsiyələrin tam şəkildə yerinə yetirilməsi tövsiyə edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər