25 
Iyn
2026
18:13
56

“TV Pirveli” 2 500 lari məbləğində cərimələndi

Gürcüstanın Rabitə Komissiyası “TV Pirveli” telekanalını “Yayım haqqında” qanunun pozulmasına görə 2 500 lari məbləğində cərimələyib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rabitə Komissiyası yayıb. Məlumata əsasən, monitorinq 11–13 may tarixləri arasında aparılıb və telekanalın saat 11:00, 15:00 və 20:00 buraxılışlarında qanun pozuntuları qeydə alınıb.

Komissiyanın açıqlamasında bildirilir ki, telekanalın xəbər proqramlarında ictimai siyasətin aktual məsələləri yayımçının şəxsi münasibəti və ya mövqeyi əsasında işıqlandırılıb.

Qurumun izahına görə, “Yayım haqqında” qanunun 54-cü maddəsinin 5-ci bəndinə əsasən, xəbər və ictimai-siyasi proqramlarda yayımçının öz mövqeyini ifadə etməsi, eləcə də siyasi və ya digər qarşıdurmalarla bağlı məlumatların şəxsi münasibət əsasında təqdim olunması yolverilməzdir.

Komissiya hesab edib ki, monitorinq zamanı qeydə alınan ifadələr jurnalistlər və aparıcılar tərəfindən şəxsi mövqe kimi səsləndirilib və üçüncü şəxslərin fikirləri kimi təqdim edilməyib.

Açıqlamada qeyd olunur ki, telekanal bu qanun pozuntusuna görə cari il ərzində artıq yazılı xəbərdarlıq aldığı üçün təkrar pozuntu halında qanunla nəzərdə tutulan minimum məbləğdə – 2 500 lari cərimə tətbiq edilib.

Eyni zamanda, “MediaChecker” portalının məlumatına görə, cərimələnməyə səbəb olan ifadələr arasında “vicdan məhbusları”, “oliqarx”, “siyasi məhbuslar”, “mövcud olmayan cinayət”, “Bidzina İvanişvilinin rejimi”, “aktivistlərə qarşı terror davam edir” və digər oxşar ifadələr yer alıb.

“MediaChecker” yazır ki, Komissiya bu terminlərin xəbər proqramlarında istifadə olunmasını yayımçının şəxsi münasibətinin ifadəsi kimi qiymətləndirib və bununla da “Yayım haqqında” qanunun “Ədalətlilik və qərəzsizlik” prinsiplərini tənzimləyən 54-cü maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən edib.

Bizimlə əlaqə saxlayın