25 
Iyn
2026
18:16
51

İrakli Kobaxidze: AŞPA-nın qətnaməsində çoxlu yalan var, belə sənədlərin Gürcüstan və gürcü cəmiyyəti üçün heç bir dəyəri yoxdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni sərt tənqid edib.

InterPress.ge xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, qətnamədə çoxsaylı yalan və qeyri-dəqiq məlumatlar yer alır, sənəd isə məzmun etibarilə siyasi qərəz daşıyır.

“Belə qətnamələrin bizim üçün heç bir dəyəri yoxdur. Hamıya məlumdur ki, Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa Parlamentində çox ağır vəziyyət hökm sürür. Bu da qəbul olunan sənədlərdə öz əksini tapır. Qətnamənin mətnini oxusanız, orada çoxlu yalanların və qeyri-dəqiqliklərin olduğunu görərsiniz. Bundan əlavə, sənəd tamamilə siyasi qərəzlidir. Belə sənədlərin ölkəmiz və gürcü cəmiyyəti üçün heç bir əhəmiyyəti yoxdur”, – deyə Baş nazir bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan cəmiyyəti bu cür sənədlərin mahiyyətini yaxşı anlayır və onların arxasında nələrin dayandığını bilir.

Baş nazir həmçinin müxalifət nümayəndələrinin AŞPA-da qəbul edilən qətnaməyə görə məsuliyyət daşıdıqlarını bildirib.

“Biz onların rolunu yaxşı bilirik. Onlar sabotajla məşğuldurlar. Bu, adi xarici agentura fəaliyyətidir. Bu həm siyasi partiyalara, həm də QHT-lərə aiddir. Onlar Gürcüstana qarşı yönəlmiş düşmən fəaliyyətini dəstəkləmək üçün orada idilər. Bu, onların mahiyyətini göstərir. Onlar AŞPA-da qəbul edilən həmin biabırçı sənədə görə məsuliyyəti bölüşürlər”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi Rasa Yukneviçienenin hesabatında “Gürcü Arzusu”nun de-fakto hakimiyyət kimi təqdim olunmasına da münasibət bildirib və bunu “gülüş doğuran” yanaşma adlandırıb.

“Parlament seçkilərindən iki il keçib və belə bir vaxtda kiminsə bu cür terminlər işlətməsi, əlbəttə ki, gülüş doğurur. Hamı çox yaxşı bilir ki, Gürcüstanın xalq tərəfindən seçilmiş hakimiyyəti var və bu hakimiyyət gürcü xalqının maraqlarını təmsil edir. Bir və ya bir neçə avroparlamentari bu reallığı dəyişə bilməz. Ümumiyyətlə, Avropa Parlamentinin işi gürcü xalqının qərarlarını qiymətləndirmək deyil. Onlar müəyyən qərarlardan narazı qala bilərlər, lakin bu qərarlara hörmət etməlidirlər”, – deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın