05 
Iyl
2026
18:34
130

Gürcüstanda ana dillərinə görə yeni statistika açıqlandı

Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) 2024-cü ildə keçirdiyi əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə rus dilini ana dili hesab edənlərin sayı son 10 ildə 18,6 faiz artaraq 54 460 nəfərə çatıb. 2014-cü ildə bu göstərici 45 920 nəfər idi.

InterPress.ge xəbər verir ki, siyahıyaalınmanın nəticələrinə görə, Gürcüstan əhalisinin 85,1 faizi (3 343 987 nəfər) ana dili kimi gürcü dilini göstərib.

Bununla yanaşı, 2014-cü illə müqayisədə gürcü dilini ana dili hesab edənlərin sayı 2,7 faiz artsa da, onların ümumi əhali içindəki payı 87,6 faizdən 85,1 faizə enib.

Statistikaya əsasən, ölkədə ana dilinə görə ikinci yerdə Azərbaycan dili qərarlaşıb. 265 534 nəfər (6,8 faiz) ana dilinin Azərbaycan dili olduğunu bildirib. Bu göstərici 2014-cü illə müqayisədə 14,7 faiz artıb.

Erməni dilini ana dili kimi göstərənlərin sayı isə 139 438 nəfər (3,5 faiz) təşkil edib. Bu, əvvəlki siyahıyaalınma ilə müqayisədə 3,7 faiz azalma deməkdir.

Kiçik dil qrupları arasında osetin dilini ana dili hesab edənlərin sayı 3 839 nəfər olub ki, bu da 2014-cü illə müqayisədə 32,6 faiz azalma göstərir.

Əksinə, abxaz dilini ana dili kimi göstərənlərin sayı artıb. Son siyahıyaalınmada 370 nəfər bu dili ana dili kimi qeyd edib. Bu göstərici 2014-cü ildəki 272 nəfərlə müqayisədə 36 faiz çoxdur.

Bizimlə əlaqə saxlayın