22 
Iyl
2026
09:46
122

Bakıda keçirilən gizli görüş: İlham Əliyev münasibət bildirdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın və Almaniyanın keçmiş yüksək vəzifəli şəxsləri arasında Azərbaycanda gizli görüş keçirildiyini təsdiqləyib.

InterPress.ge xəbər verir ki, İlham Əliyev bu barədə Berlində Almaniya kansleri Fridrix Mertslə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Məlumata görə, görüşün əsas mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması yolları olub.

“Ərazimiz bu cür görüş üçün bizim xəbərimiz olmadan istifadə edilib. Təfərrüatları şərh edə bilmərəm, çünki görüşdə iştirak etməmişik. Lakin reyslərlə bağlı məlumatlar mənə deməyə əsas verir ki, Bakıda həqiqətən də gizli görüş keçirilib”, – deyə İlham Əliyev bildirib.

Mediada yayılan məlumata əsasən, qeyri-rəsmi Almaniya nümayəndə heyətinə keçmiş kansler Angela Merkelin ofisinin sabiq rəhbəri Ronald Pofalla və Brandenburqun sabiq rəhbəri Matias Platsek daxil olub.

Rusiya nümayəndə heyətində isə Rusiya Prezidentinin Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və hazırda “Qazprom”un Direktorlar Şurasına rəhbərlik edən, Vladimir Putinin keçmiş baş nazir müavini Viktor Zubkov təmsil olunub.

“Əgər bu görüş Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmasına yönəlibsə, biz bunu yalnız alqışlaya bilərik”, – deyə İlham Əliyev bildirib və görüşün 12–14 iyul tarixlərində keçirildiyini qeyd edib.

Almaniya kansleri Fridrix Merts isə hökumətinin bu görüşlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“Bu görüş barədə heç nə bilmirəm”, – deyə Fridrix Merts bildirib.

Bizimlə əlaqə saxlayın