10 
Avq
2026
12:00
26

İrakli Kirçxaliya: Ukraynada Rusiyanın ikinci dəfə müdaxiləsindən sonra müxtəlif partiya və QHT-lərə səpələnmiş agentlər səfərbər oldular

Parlament çoxluğunun lideri İrakli Kirçxaliya Baş nazir İrakli Kobaxidzenin yayımladığı məktuba münasibət bildirib.

“Ukraynada Rusiyanın ikinci dəfə müdaxiləsindən sonra müxtəlif partiya və QHT-lərə səpələnmiş agentlər səfərbər oldular və Rusiya işğalına, rusiyalı turistlərə, Rusiya puluna və məhsullarına, bir sözlə, Rusiya ilə əlaqəsi ola biləcək hər şeyə qarşı barışmaz mübarizə aparanlara çevrildilər”, – deyə İrakli Kirçxaliya yazıb.

Onun sözlərinə görə, “Milli Hərəkat”, onunla əlaqəli siyasi qüvvələr, QHT-lər və ya ayrı-ayrı şəxslər üçün anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq baxımından 2008-ci ilin avqust müharibəsi kifayət etməyib.

“Düz bir həftə əvvəl Baş nazir geniş təhlil yayımladı və konkret bir yanaşmaya diqqət çəkdi. Buna əsasən, ‘Milli Hərəkat’, onunla əlaqəli və müxtəlif vaxtlarda sövdələşməyə getmiş siyasi qüvvələr, eləcə də son nəticədə ‘dərin dövlət’in vahid agent şəbəkəsinə çevrilmiş zəngin gürcü QHT-ləri üçün radikal anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq baxımından 2008-ci il müharibəsi, ölkə ərazisinin 20 faizinin işğalı və əlavə olaraq 120-dən çox kəndin işğal xəttinin o tərəfində qalması, Abxaziya və Sxinvali regionunun müstəqilliyinin tanınması, öz vətənində təxminən 30 min məcburi köçkün, yüzlərlə həlak olan və minlərlə yaralanan gürcü kifayət etməyib.

Üstəlik, o vaxtkı hakimiyyət müharibənin başa çatmasından qısa müddət sonra Rusiya ilə mədəni-humanitar əlaqələrin bərpasından danışmağa başladı, Rusiya kapitalının Gürcüstan iqtisadiyyatına və strateji sektorlarına daxil olmasına şərait yaratdı, onların lideri şəxsən sərhəddə rusiyalı turistlərlə görüşürdü. Bundan sonra Rusiya vətəndaşları üçün viza rejimini hətta birtərəfli qaydada ləğv etdilər. Saakaşvili isə bütün bunlarla beynəlxalq tribunadan fəxr edirdi.

Həmin dövrdə bu gün nəinki anti-Rusiya əhval-ruhiyyəsi ilə seçilən, hətta birbaşa rusofobiya yayan qüvvələrin nümayəndələrindən və ayrı-ayrı şəxslərdən ‘Milli Hərəkat’a qarşı tənqid eşitmədik. Əvəzində, Ukraynada Rusiyanın ikinci dəfə müdaxiləsindən sonra müxtəlif partiya və QHT-lərə səpələnmiş agentlər səfərbər oldular və Rusiya işğalına, rusiyalı turistlərə, Rusiya puluna və məhsullarına, bir sözlə, Rusiya ilə əlaqəsi ola biləcək hər şeyə qarşı barışmaz mübarizə aparanlara çevrildilər.

Baş nazir öz məktubunda ritorik sual da verib: Bu insanlar niyə indi, məsələ Gürcüstana aid olduğu vaxt deyil, rusofob oldular?

İlk baxışdan məntiqsiz görünən bu vəziyyətin çox sadə cavabı var və bu, hər şeyi məntiqi çərçivəyə salır – nə ‘Milli Hərəkat’ və onun müttəfiqləri, nə ‘QHT-lər’, nə də vətəndaş fəallığının və ya elmi sahənin arxasında gizlənən ayrı-ayrı şəxslər nə 2008-2012-ci illərdə, nə də bu gün müstəqildirlər. Onlar manevr imkanları qalmamış agentlər və kənardan verilən tapşırıqları sözsüz yerinə yetirən itaətkar qullardır”, – deyə İrakli Kirçxaliya yazıb.

Bizimlə əlaqə saxlayın