Rustavidə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb – dəyəri 6 milyon lari təşkil edir
Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən 33 kiloqrama yaxın narkotik vasitə müsadirə edilib. Narkotikin “qara bazar”da ümumi dəyərinin təxminən 6 milyon lari olduğu bildirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı keçirdiyi kompleks əməliyyat nəticəsində Rustavidə narkotik cinayəti ittihamı ilə iki xarici ölkə vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərdən birinin yaşadığı mənzildən sübut kimi xüsusilə böyük miqdarda, 33 kiloqrama yaxın tetrahidrokannabinol – həşiş aşkarlanıb. Bildirilib ki, narkotikin bir hissəsi avtomobil təkərlərində gizlədilib.
Bundan başqa, Rustavidə saxlanılan şəxslərin digər yaşayış mənzilindən və otel otağından xüsusilə böyük miqdarda kokain, heroin və metadon da götürülüb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər razılaşdırılmış şəkildə fəaliyyət göstərərək narkotik vasitələrin müxtəlif üsullardan istifadə edilməklə satışını planlaşdırıblar. Lakin polisin operativ müdaxiləsi nəticəsində onların planı həyata keçirilməyib.
Nazirliyin məlumatına görə, son bir neçə gün ərzində Tbilisi və regionlarda narkotik cinayətlərinə qarşı keçirilən əməliyyatlar zamanı daha 24 nəfər saxlanılıb. Onlardan 15 nəfərin narkotik vasitələrin satışına müxtəlif formalarda cəlb olunduğu bildirilib.
Hüquq-mühafizə orqanları həmin şəxslərdən satışa hazırlanmış müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik vasitələr, narkotiklərin qablaşdırılması üçün materiallar və pul vəsaitləri aşkar ediblər.
Həmçinin narkotik vasitələrin xüsusilə böyük miqdarda qanunsuz kultivasiyası üçün xüsusi hazırlanmış istixanalar da aşkarlanıb.
Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260⁴, 19-260 və 265¹-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


