Viktoriya Sparts: “Ukraynalılar seçdikləri hökumətin bədəlini öz qanları ilə ödəyirlər”
Konqresmen Viktoriya Sparts “The New York Times” nəşrinin yayımladığı araşdırma məqaləsinə münasibət bildirib. Məqalədə qeyd olunur ki, məxfi audit yoxlaması nəticəsində Ukraynanın Müdafiə Nazirliyinin 2024-cü ildə dələduzluq, korrupsiya sxemləri və düzgün idarəetmənin olmaması səbəbindən 1,2 milyard ABŞ dolları itirdiyi müəyyən edilib.
InterPress.ge xəbər verir ki, konqresmen məqaləyə istinad edərək, illər əvvəl özünün də danışdığı və müvafiq qurumları xəbərdar etdiyi məsələlərin artıq rəsmi şəkildə təsdiqləndiyini bildirib.
“Audit yoxlaması göstərdi ki, Ukrayna təkcə bir il ərzində, 2024-cü ildə dələduzluq, mənimsəmə və pis idarəetmə səbəbindən 1,2 milyard ABŞ dolları itirib... Nəticədə artıq daha çox silah sifariş etmək üçün vəsaitimiz yoxdur və lazımi miqdarda sursatımız da mövcud deyil. Bu isə artıq sistemli xarakter daşıyır.
Nə qədər ironikdir. Bir neçə il əvvəl hər iki partiyanın rəhbərliyi, korrupsiyalaşmış media və Ukrayna hökuməti Ukraynaya göndərilən yardıma ciddi nəzarət edilməsini, pulun nağd şəkildə verilməməsini və silahların birbaşa, maneəsiz şəkildə cəbhə xəttinə çatdırılmasını tələb etdiyim üçün mənə hücum edir və məni ‘Kreml tərəfdarı’ adlandırırdılar.
Xalq həmişə seçdiyi hökumətin bədəlini ödəyir. Ukraynalılar isə bu bədəli öz qanları ilə ödəməli olurlar”, - deyə konqresmen yazıb.


