Qardabani və Karelidə keçirilən xüsusi əməliyyat nəticəsində terror təşkilatına qoşulmaqda şübhəli bilinən 2 nəfər saxlanıldı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Qardabani və Kareli bələdiyyələrində keçirilən xüsusi əməliyyat nəticəsində xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım göstərmə faktı ilə bağlı məhkəmə qərarı əsasında Gürcüstanın iki vətəndaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
DTX-nin məlumatına görə, istintaqla müəyyən edilib ki, həmin şəxslər “İslam Dövləti” terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı – “bayat” verib və ona qeyd-şərtsiz tabe olduqlarını bildiriblər.
“Saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində maddi sübut qismində ‘İslam Dövləti’ terror təşkilatının liderinə sədaqət andının – ‘bayat’ın əlyazma mətni, üzərində islam yazısı olan möhür, müxtəlif növ patronlar, əl qumbarası, kapsul/detonator və elektron informasiya daşıyıcıları götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır. Maddə xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım göstərməni nəzərdə tutur. Bu cinayətə görə 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə qurumun məlumatında bildirilib.


