25 
Sen
2026
21:38
68

Azərbaycan XİN-i Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının açıqlamasına cavab verib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının açıqlamasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı son bəyanatlarının Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna zidd olduğu qeyd edilib.

“Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin başqa adlarla qeyd olunması qəbuledilməzdir.

Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət nümayiş etdirilməsi iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir.

Məhz buna görə Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı ərazi iddialarını nəzərdə tutan yanaşması anlaşılmazdır.

Dini institutların azərbaycanlılar və gürcülər arasında əsrlər boyu formalaşmış dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir.

Bu baxımdan, Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və ya onun yolu ilə gedilməsi tövsiyə olunmur.

Azərbaycan ərazisində yerləşən bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz hissəsidir”, – deyə açıqlamada bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər