Marneulidə azyaşlı nəvəsini zorla ərə verməkdə şübhəli bilinən qadın saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları ailənin yetkinlik yaşına çatmayan üzvünü evliliyə məcbur etmə ittihamı ilə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən qadın yetkinlik yaşına çatmayan nəvəsini gender ayrı-seçkiliyi əlaməti və dözümsüzlük motivi ilə onun iradəsinə zidd olaraq kənddə yaşayan bir şəxslə evlənməyə məcbur edib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində təqsirləndirilən qadını saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹ maddəsi ilə aparılır. Sözügedən maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.


