29 
Sen
2026
15:58
213

Sürücülük vəsiqəsi ilə bağlı yeni qanun...

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə sürücülük hüququ dayandırılan şəxslər qərardan şikayət etdikləri müddətdə də nəqliyyat vasitəsi idarə edə bilməyəcəklər. Bu dəyişiklik İnzibati Xətalar Məcəlləsində 31 avqustdan qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, söhbət Məcəllənin nəqliyyat vasitəsinin alkoqol sərxoşluğu vəziyyətində idarə edilməsini nəzərdə tutan 116-cı maddəsindən gedir. Məcəlləyə əsasən, sürücünün qanında etanolun miqdarı 0,3 promildən çox, 0,7 promildən çox olmadıqda, onun sürücülük hüququ 6 ay müddətinə dayandırılır. Etanolun miqdarı 0,7 promildən çox olduqda və ya sürücü müayinə üçün yoxlamadan yayınmağa cəhd etdikdə isə sürücülük hüququnun 1 il müddətinə dayandırılması nəzərdə tutulur.

Məcəllədə həmçinin şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi və həmin şəxsin sürücülük hüququnun eyni və ya digər səbəbdən artıq dayandırıldığı, yaxud ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı hallar da nəzərdə tutulur. Bu hallarda sürücülük hüququnun dayandırılması ilə yanaşı, pul cəriməsi də tətbiq edilir.

Bundan əvvəl şəxslərin bu qərarlardan şikayət etmək hüququ var idi və şikayətə baxıldığı müddətdə onlar nəqliyyat vasitəsi idarə edə bilirdilər.

Lakin avqustun 31-də Məcəlləyə edilən dəyişikliklə sürücülər üçün mövcud olan bu imkan artıq aradan qaldırılıb. Beləliklə, sürücülük hüququnun dayandırılması barədə qərardan şikayət verilməsi həmin müddət ərzində avtomobil idarə etmək hüququ vermir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər