30 
Sen
2026
20:55
31

Bera İvanişvili: Mənə qarşı yönəlmiş böhtan xarakterli hücumlara hüquqi qiymət verilməsini istəyirəm

“Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili hüquqi mübahisəyə başlayır. O, sosial şəbəkədə konkret media vasitələri və şəxslərə qarşı məhkəməyə müraciət etməyi planlaşdırdığını bildirib.

InterPress.ge xəbər verir ki, Bera İvanişvilinin sözlərinə görə, onun barəsində dezinformasiya yayılır. İddialara əsasən, guya o, “çağrı mərkəzlərini” himayə edir, qanunsuz sövdələşmələrə gedir və onun göstərişi ilə insanlar həbs olunur.

Onun sözlərinə görə, yalan və böhtar dalğasının cavabsız qalması bu prosesi idarə edən şəxslər üçün bir növ stimula çevrilib və məhz buna görə hüquqi tədbirlərə əl atmaq qərarına gəlib.

“Cəmiyyət artıq illərdir ki, konkret qüvvələrin mənə və ailəmə qarşı apardığı nüfuzdan salma və böhtan kampaniyasını izləyir. Vaxtaşırı mənə qarşı müxtəlif ittihamlar irəli sürülür, lakin son dövrlərdə belə hallar xüsusilə artıb. Bütün bu müddət ərzində hesab edirdim ki, belə absurd məsələlərə vaxt sərf etmək və ciddi cavab vermək lazım deyil. Lakin sosial şəbəkələrdə və media məkanında davam edən, yaxşı planlaşdırılmış və koordinasiya olunmuş kampaniyanın bir hissəsi olan əsassız hücumlar artıq mənim tərəfimdən reaksiyasız qala bilməz.

Əmin oldum ki, yalan və böhtan dalğasını cavabsız qoymaq bu prosesi idarə edən şəxslər üçün bir növ stimullaşdırıcı amilə çevrilib.

Məhz buna görə ictimaiyyətə bildirmək istəyirəm ki, çox yüksək səriştəyə malik, öz işinin həqiqi peşəkarı olan vəkil David Asatiani ilə əlaqə saxlamışam. Onun köməyi ilə mənə qarşı səsləndirilən hər bir böhtan xarakterli ittihamla bağlı hüquqi cavab tələb edəcəyəm.

Xatırlatmaq istəyirəm ki, son dövrlərdə konkret media vasitələri, eləcə də ayrı-ayrı şəxslər fəal şəkildə guya mənim “çağrı mərkəzlərini” himayə etdiyimi, bəzi şəxslərin mənim göstərişimlə həbs olunduğunu, qanunsuz sövdələşmələrə girdiyimi və sairəni yayırlar.

Belə məsələlərlə bağlı hətta sualın bu formada qoyulması belə böhtan cəhdinin aşkar əlamətlərini ortaya çıxarmaq üçün kifayətdir. Lakin yuxarıda qeyd olunan subyektlər daha da irəli gedərək, guya mənim cinayətkar fəaliyyətim barədə məlumatları iddia formasında deyil, qəti şəkildə yayırlar. Halbuki bu absurd iddiaları təsdiqləyən heç bir fakt təqdim edilməyib.

Bunun əvəzinə, diqqətçəkən başlıqlar və maraq doğuran mətnlərlə zəngin süjetlərdə inandırıcılıq görüntüsü yaratmaq üçün guya anonim respondentlərdən, qaranlıq otaqda arxası kameraya tərəf oturdulmuş, kimliyi müəyyənləşdirilməyən şəxslərdən və həqiqiliyi müəyyən edilə bilməyən anlaşılmaz səsli mesajlardan istifadə olunur.

Hesab edirəm ki, belə vəziyyətdə məhkəməyə müraciət etmək kimdənsə qisas almaq deyil, öz şərəf və hüquqlarımı qorumaq yoludur. Mənə qarşı yönəlmiş böhtan xarakterli hücumlara hüquqi qiymət verilməsini və məhkəmə tərəfindən böhtan faktının müəyyən edilməsi halında, bütün bunları həyata keçirən şəxslərin qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunmasını istəyirəm.

Mən yalnız ədalət və həqiqətin müəyyən edilməsini tələb edirəm. O cümlədən ona görə ki, gələcəkdə nə mən, nə də başqaları belə ədalətsizliyə məruz qalmasın”, – Bera İvanişvili yazıb.

Bizimlə əlaqə saxlayın