Gürcüstana odlu silahın qanunsuz gətirilməsinin qarşısı alınıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ölkəyə külli miqdarda odlu silahın qanunsuz gətirilməsinin qarşısını alıblar.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Sarpi” sərhəd-keçid məntəqəsinin ərazisində şübhəlinin idarə etdiyi avtomobili ətraflı yoxlayıblar. Yoxlama zamanı skaner vasitəsilə xüsusi hazırlanmış gizli bölmədən müxtəlif modellərə aid 8 odlu silah, 8 daraq və patronlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri, həmçinin 214-cü maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Həmin maddələr 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


