30 
Okt
2026
13:46
160

İrakli Kobaxidze: “Azərbaycanlı dostlarımızla sərhədlərin delimitasiya və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəldik”

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılıq əldə olunub. Hazırda iki ölkə arasında razılaşdırılmamış 15 sərhəd sahəsi mövcuddur. Bu sahələrdən biri də David Qareci monastır kompleksi və onun ətrafındakı ərazilərlə bağlıdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze David Qareci monastır kompleksi və Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı danışarkən bildirib.

Baş nazirin sözlərinə görə, uzun illərdir sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində heç bir irəliləyiş əldə olunmayıb. Gürcüstan tərəfi Azərbaycanla dostluq münasibətləri çərçivəsində bu prosesin sürətləndirilməsini istəyir.

“Biz həm komissiyanın iclasında, həm də ikitərəfli görüş zamanı sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunduq. David Qareci monastırı və müvafiq ərazi də bu məsələnin bir hissəsidir. Ümidimizi ifadə etdik ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər sürətli templə davam etdiriləcək.

Son illər ərzində bu istiqamətdə heç bir dəyişiklik və irəliləyiş olmayıb. Bizə sürətli irəliləyiş lazımdır. Bu, Azərbaycan tərəfinə müraciətimiz və xahişimizdir. Bu təklifimizə çox dostyana cavab aldıq.

Biz sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesləri sürətləndirmək barədə razılığa gəldik. Uzun illərdir bu sahədə heç bir irəliləyiş yoxdur. İrəliləyiş əldə olunmayan məsələlərdə azərbaycanlı dostlarımızla birlikdə, dostluq şəraitində qısa müddətdə nəticə əldə etmək istəyirik.

Razılıq əldə olunmayan hər bir sahəni ayrıca müzakirə edəcəyik. Belə sahələrin sayı dəqiq 15-dir və bu 15 sahənin hər biri ilə bağlı fəal şəkildə işləməliyik”, – deyə İrakli Kobaxidze bildirib.

 

Bizimlə əlaqə saxlayın