Çavuşoğlu Türkiyənin atəşkəsə nəzarət mərkəzinin harada olacağına açıqlama verdi
“Atəşkəsə nəzarət mərkəzinin işində Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”.
InterPress.ge xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək:
“Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.
O, eyni zamanda atəşkəsə nəzarət mərkəzlərinin harada olacağına açıqlama verdi.
“Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim”.
Onun sözlərinə görə, mərkəzin hansı şəhərdə və bölgədə olacağı barədə nəsə demək hələ tezdir:
“Biz əlbəttə, mərkəzin harada olması ilə bağlı təkliflər verəcəyik. Ancaq Azərbaycanın icazə verdiyi yerlərdə mərkəzlər qurulacaq”.


