10 
Mar
2020
06:13
641

ABŞ Əfqanıstandakı qoşununun sayını azaltmağa başladı

ABŞ "Taliban" hərəkatı ilə əldə olunmuş razılaşmaya əsasən Əfqanıstandakı qoşunun sayını azaltmağa başlayıb.

InterPress.ge RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Müdafiə Nazirliyində qeyd ediblər ki, ABŞ-ın və Əfqanıstan İslam Respublikasının Birgə bəyannaməsinə, həmçinin Birləşmiş Ştatların "Taliban”la razılaşmasına uyğun olaraq, Əfqanıstandakı Amerika silahlı qüvvələrinin sayının 135 gün ərzində 8 600-ə qədər ixtisarına başlanılıb.

Qoşunların çıxarılması müəyyən şərtlərə əsaslandırılıb.

Pentaqonun yaydığı bəyanatda qeyd edilir ki, ABŞ əvvəlki kimi "Al-Qaida”ya və İŞİD-ə qarşı antiterror əməliyyatlarını davam etdirəcək, həmçinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək verəcək.

Qeyd edək ki, fevralın sonlarında ABŞ və "Taliban" Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanğıcını nəzərdə tutan sülh razılaşmasını imzalayıb.

Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, "Taliban"ın zorakılıqdan çəkinəcəyi təqdirdə Birləşmiş Ştatların öz hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində "Taliban" Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər "daimi və hərtərəfli barışıq" haqqında da razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın