Gürcüstanda kütləvi tədbirlər təxirə salınıb
Gürcüstanda təhsil, idman və digər sahələrində keçiriləcək bütün kütləvi tədbirlər koronavirusla mübarizə çərçivəsində təxirə salınıb.
InterPress.ge xəbər evrir ki, bu barədə Gürcüstan hökümətinin bəyanatında bildirilib. Qeyd olunub ki, ölkə ərazisində insanların kütləvi şəkildə iştirak etdikləri bütün tədbirlər koronavirusun yayılması riskini azaltmaq məqsədi ilə müvəqqəti olaraq dayandırılıb.
Sənəddə həmçinin qeyd edilib ki, bir sıra nazirliklərə və dövlət qurumlarına distant iş rejiminə keçilməsi tapşırılıb. Təhsil müəssisələrində yaz tətilinin vaxtı isə aprelədək uzadılıb.
Bəyanata əsasən bundan sonra Avstriya, Almaniya, İspaniya və Fransadan gələn şəxslər koronavirusa yoluxma halının olmamasını göstərən sertifikatı təqdim etmədikdə məcburi 14 gün müddətində karantində saxlanılacaqlar.
Qeyd edək ki, hazırda Gürcüstanda 24 nəfər koronavirusa yoluxub, ölkə üzrə 295 nəfər isə karantində saxlanılır.