Yetkinlik yaşına çatmayanların məcburi nişanlandırılması cəzaya səbəb ola bilər
İnsan Hüquqları və Mülki İnteqrasiya Komitəsinin iclasında yetkinlik yaşına çatmayanların nişanlandırılmasının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanunvericilik təklifi müzakirə olunub.
InterPress.ge xəbər verir ki, təklifə görə, Cinayət Məcəlləsinin məcburi nikahı tənzimləyən hissəsinə məcburi nişanı tənzimləyən prima maddəsi də əlavə edilməlidir.
Qanunvericilik təklifinin müəllifləri izah ediblər ki, mövcud məhkəmə təcrübəsinə görə, nişana məcburetmə nikaha məcburetmə maddəsinə aiddir. Onlar bu il fevralın 8-də Poniçalada 11 yaşlı qızla 15 yaşlı oğlanın evlənməsi ilə bağlı Cinayət Məcəlləsinin 150-ci prima maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi ilə istintaqa başlanmasını misal gətiriblər ki, burada da əvvəlcədən razılaşaraq azyaşlını nikaha məcburetmə nəzərdə tutulur.
Qanunvericilik təklifinin təşəbbüskarlarının dediyinə görə, mövcud təcrübə ilə istintaq və məhkəmə nişanı nikah üçün ilkin şərt hesab etsə də, bu iki hərəkəti bir-birindən ayırmaq vacibdir.
Bu təklifin müəlliflərindən olan tələbə Gülçin Əhmədova deyir ki, nişanın məcburi olması ilə bağlı ayrıca maddənin olması bu baxımdan məhkəmə təcrübəsini təkmilləşdirəcək.
"Aydındır ki, nişan evliliyə yönələ bilər, lakin elə hallar olur ki, nişan aprior nikahı nəzərdə tutmur. Mülki Məcəllədə nişan başqa cür və nikah başqa cür izah edilir. Xüsusilə, nikah ailə qurmaq məqsədi ilə kişi və qadının könüllü birləşməsi [maddə 1106], nişan isə nikah üçün əvvəlcədən razılıqdır [maddə 1109].
Bizim fikrimizcə, Cinayət Məcəlləsinə nişana məcburetmə ilə bağlı konkret maddənin daxil edilməsi, təbii ki, məcburi şəkildə nişanın qadağan edilməsinə yönəldilsə, məhkəmə təcrübəsi üçün daha yaxşı olar – Hakimlər birbaşa, konkret qərarı cinayət qanununun konkret maddəsinə əsaslanaraq çıxaracaqlar", - Əhmədova komitənin iclasında izah edib.
Təklifin müəlliflərindən Kaxaber Dzaqania izah edib ki, məcburi nişan artıq yetkinlik yaşına çatmayan şəxsə mənfi təsir göstərən tamamlanmış bir hərəkətdir. Buna görə də, o qeyd edib ki, nişana məcbur etmək sadəcə olaraq nikaha məcbur etmək üçün ilkin şərt deyil, cinayət hesab edilməlidir.
"Tələbələr hansı problemi gördülər - praktiki nişan halları olanda, belə ağır cinayət baş verəndə, bu halda məhkəmə və istintaq orqanları nikah maddəsi ilə gedirlər, yəni nikah maddəsi ilə cəzalandırırlar, bu məhkəmə praktikasıdır [...]
Məcburi nişanı həyata keçirən konkret şəxsin nə üçün cəzalandırılmasının Cinayət Məcəlləsində daha aydın şəkildə izah edilməsi vacibdir. Çünki məcburi nişan tamamlanmış bir hərəkətdir. Gülçin mənə deyirdi ki, mən özüm də bizim məhəllədə tez-tez nişana görə çox pis vəziyyətdə olan uşaqlarla rastlaşmışam. Söhbət evlilikdən getmir", - deyə Dzaqania deyib.
Komitənin sədri Mixeil Sarjveladze bildirib ki, nişanlanmış yetkinlik yaşına çatmayan şəxsin nikahı yetkinlik yaşına planlaşdırılsa belə, onda müəyyən etik və mənəvi öhdəliklər yaradır. Çünki məhkəmə təcrübəsi yetkinlik yaşına çatmayanların nişanlanmasına görə, cəza tətbiq edir. Sarjveladze təklifi bölüşməkdən çəkinsə də, işçi qrupunun yaradılacağını bəyan edib.
"Hamımız başa düşürük ki, yetkinlik yaşına çatmayan şəxs nişanlandıqda bu, onun üçün müəyyən mənəvi, etik, dini öhdəliklərə səbəb ola bilər, hətta nikah gec, yetkinlik yaşında olsa belə [...]
Biz işçi qrup yaradacayıq və bu işçi qrup çərçivəsində mən də Savalan [Mirzəyev] və Zaur [Darğallı]dan xahiş edərdim ki, madam ki, biz bu mövzudan danışırıq, digər deputatları da bu işə cəlb edək, birlikdə bu mövzuya cavab verən qanun layihəsi hazırlayaq və əmin olaq ki, yeni bir şeylərin tənzimlənməlidir və ya heç bir tənzimlənməyə ehtiyac yoxdur və problem başqa bir şeydədir, buna müvafiq olaraq bu cür şeylərə də, diqqət yetirmək imkanımız olsun", - deyə Mixeil Sarjveladze bildirib.
Müzakirələrə deputat Savalan Mirzəyev də qoşularaq bildirib ki, problemin həlli yolu qanunvericilikdə dəyişikliklərlə yanaşı, yeniyetmələrin müvafiq maarifləndirilməsidir.
"Bu, çox ciddi məsələdir. Biz bu məsələlərdə daha çox bilirik, regionda, ayrı-ayrı rayonlarda, kəndlərdə bu istiqamətdə çox vaxt problemlər olur [...] Burada təkcə cinayət mühakiməsi yoxdur, onun təkmilləşdirilməsi üçün digər sahələrdə də görüləsi işlər var. Burada daha çox təhsil istiqaməti, məlumat çatışmazlığı və s. var", - Mirzəyev bildirib.
Gülçin Əhmədova və Kaxaber Dzaqaniyadan başqa qanun layihəsinin müəllifləri Elene Çipaşvili və Mamuka Quldedavadır. Mixeil Sarjveladzenin sözlərinə görə, təşəbbüsün müzakirəsi üzrə işçi qrup bir neçə gündən sonra toplanacaq. Komitə sədri deyib ki, qrupun işinin əsas məqsədi məzmununa görə cəzalandırılmalı olan bu cür hərəkətlərin mövcud qanunvericiliyin cinayət məcəlləsindən kənarda qalıb-qalmamasını müəyyən etmək olacaq.


