"Böyük yeddilik" Vladimir Putinin bu tələbini qəbul etmir
“Böyük yeddilik Moskvanın qazın yalnız Rusiya valyutası ilə alınması tələbini yerinə yetirməkdən imtina edəcək”.
InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.
Onun qeyd etdiyine görə, “Böyük Yeddilik”in bütün nazirləri yekdilliklə bildiriblər ki, bu, mövcud razılaşmaların birtərəfli və aşkar şəkildə pozulmasıdır.
“Rubl ilə ödəniş qəbuledilməzdir və biz zərər çəkmiş şirkətləri Putinin tələbinə tabe olmamağa çağırırıq”, - Habek bildirib.
Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini İvan Abramov Almaniyanın iqtisadiyyat nazirinə cavab olaraq bildirib ki, “Böyük Yeddilik”dən imtina “qaçılmaz olaraq qaz təchizatının dayandırılmasına gətirib çıxaracaq”.
Xatırladaq ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin “dost olmayan” ölkələrdən neft və qazın pulunu rubl ilə ödəməyi tələb etmişdi.
“Böyük Yeddilik” dünyanın aparıcı iqtisadiyyatları, o cümlədən Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-dır. Bütün bu ölkələr Rusiya tərəfindən “dost olmayan ölkələr siyahısı”na daxil edilib.


