ABŞ Dövlət Departamenti: İranın Rusiyaya pilotsuz təyyarələr verməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur
"Amerika Birləşmiş Ştatları Böyük Britaniya və Fransanın İranın Rusiyaya pilotsuz uçuş aparatları verməsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozması ilə bağlı qiymətləndirmələri ilə razılaşır".
InterPress.ge xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
“Fransa və Britaniya müttəfiqlərimiz İranın bu dronları (Rusiyaya) verməsinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması olduğunu açıq şəkildə qiymətləndirib. Biz bununla razılaşırıq”, - Patel bildirib.
Onun sözlərinə görə, embarqonun tətbiq olunduğu silahlar arasında İrandan Rusiyaya göndərilən pilotsuz təyyarələr də var.
Xatırladaq ki, İran Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı məlumatları təkzib edir. Eyni zamanda, Ukrayna bəyan edir ki, Rusiya qüvvələri ölkə ərazisinə İranın “kamikadze-dronları” ilə hücum edir və onların mühüm hissəsi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edilir.


