Avropa İttifaqından Türkiyəyə xəbərdarlıq
Avropa İttifaqı Türkiyəni Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Cozef Borrel Almaniya mətbuatına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Ankara ilə Moskva arasında ticarət əlaqələrinin dərinləşməsi Avropa İttifaqının narahatlığına səbəb olur.
Onun sözlərinə görə, müharibə başlayandan sonra Türkiyə Rusiyaya ixracını artırıb və üstəlik Rusiya nefti alır.
Borrelin dediyinə görə, Ankara Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa kömək etməməlidir. O, Türkiyənin Aİ üzvlüyünə namizəd ölkə olduğunu və Brüsselin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Aİ üzvlüyünə bütün namizədlərin əməl edəcəyini gözlədiyini də vurğulayıb.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri avqustda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.


