Parlamentin plenar iclası şifahi və fiziki qarşıdurma fonunda davam etdirilib
Parlamentin plenar iclası səs-küy - şifahi və fiziki qarşıdurma fonunda davam etdirilib.
InterPress.ge xəbər verir ki, sessiyada “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda - maddə-maddə müzakirəsi davam edir.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ümumilikdə 11 maddədən ibarətdir. Aprelin 30-da keçirilən sessiyada cəmi üç maddə müzakirə olunub.
Sözügedən qanun layihəsi ilə yanaşı, parlamentin müxalifətçi üzvü Teona Akubardianın “25 fevral 1921-ci il reyestri”nin yaradılmasını nəzərdə tutan alternativ qanunvericilik təklifi də təqdim edilib.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.


