Özünü vəkil kimi təqdim edən şəxs 58 min lari dələduzluqda ittiham edilərək saxlanılıb
“Şəxs xarici ölkə vətəndaşlarına özünü vəkil kimi təqdim edib və onlardan Gürcüstanda yaşayış və işləmək hüququ əldə etmək üçün sənədlərin hazırlanmasına kömək etmək vədi ilə 58 min lari alıb, lakin vədini yerinə yetirməyərək həmin vəsaiti dələduzluq yolu ilə mənimsəyib”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları tərəfindən bir nəfər külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi, rəsmi sənədin saxtalaşdırılması və istifadəsi ittihamı ilə saxlanılıb.
İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs xarici ölkə vətəndaşlarına özünü vəkil kimi təqdim edib. O, Gürcüstanda yaşayış və işləmək hüququ əldə etmək üçün sənədlərin hazırlanmasına kömək etmək vədi ilə həmin şəxslərdən 58 min lari alıb. Lakin vədini yerinə yetirməyərək pulu dələduzluq yolu ilə mənimsəyib.
Zərərçəkənlər tərəfindən narazılıq bildirildikdən sonra təqsirləndirilən şəxs bank köçürməsi ilə bağlı saxta sənəd hazırlayıb. O, həmin sənəddən istifadə edərək zərərçəkənləri pullarını geri qaytardığına inandırmağa çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci və 362-ci maddələri ilə araşdırma aparılır. Bu maddələr 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


