Ata 17 yaşlı qızını iradəsinə zidd olaraq zorla evləndirməyə çalışıb
Gürcüstan Prokurorluğu azyaşlı qızını zorla ərə verməyə məcbur edən ataya ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu, prokurorluğun bəyanatında qeyd olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 17 yaşlı qızını cinsi ayrı-seçkilik zəmnində öz iradəsinə zidd olaraq, istədiyi kişi ilə evlənməyə məcbur edib. Zərərçəkmiş evlənməmək üçün ölkəni tərk etməyə çalışıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi avqustun 28-də tutublar. Cəzanın forma və ölçüsündə 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.


