İrakli Qaribaşvili: Hakim komanda mənə çirkli təxribat qurdu və tələ hazırladı
Həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb və hakimiyyətə müraciət edib. O, məktubunda hakim komandanın ona qarşı “çirkli təxribat” təşkil etdiyini və “tələ qurduğunu” iddia edib.
InterPress.ge xəbər verir ki, Qaribaşvili həbsxanada da ondan korrupsiya ittihamını etiraf etməsinin tələb olunduğunu bildirib. Onun sözlərinə görə, bu tələb siyasətdən birdəfəlik uzaqlaşacağı ilə bağlı hakimiyyətin qeyd etdiyi 1 faizlik “riski” sığortalamaq məqsədi daşıyır.
“Hakimiyyət nümayəndələrinin açıqlamalarını, onların ekspertlərinin yalan və böhtan xarakterli bəyanatlarını eşitdim. Televiziya məkanında və sosial mediada azğın təbliğatı izləyirəm. Bütün bunlar, əlbəttə, gözlənilən idi və onların məqsədi mənə aydındır. Amma sizə demək istəyirəm ki, boşuna əziyyət çəkirsiniz.
Bu məktubu Mdinaradze yaxın dostunun vasitəsilə ailə üzvlərimdən birinə çatdırıb. Həmin şəxs tamamilə təsadüfən bu məsələnin içinə düşüb. Ona görə də onun adını və soyadını qəsdən açıqlamıram. Mdinaradzeyə gəlincə, əgər günahsız insanların zərər görməsini istəmirsə, yalanları yaymaqdan əl çəksin və bütün məsuliyyəti öz üzərinə götürsün”, – deyə Qaribaşvili yazıb.
Keçmiş baş nazir artıq səkkiz aydır həbsdə olduğunu və bu müddət ərzində ictimaiyyət qarşısında bir kəlmə belə danışmadığını bildirib.
“Cəmiyyətə bir daha xatırlatmaq istəyirəm ki, artıq səkkiz aydır səssiz şəkildə həbsxanada oturmuşam. Heç kim məndən ictimai şəkildə bir kəlmə eşitməyib. Nə sağa, nə də sola bir addım atmışam.
İndi hakimiyyətə müraciət edirəm: əvvəldən mənə çirkli təxribat qurduz, ləyaqətsiz bir tələ hazırladınız. Mən sizə sözünüzə inanaraq, səmimi və kor-koranə etimadla tabe oldum. Amma siz məni aldatdınız, oyuna gətirdiniz, qurban verdiniz, evimə quldur və cinayətkar kimi basqın etdiniz, ailəmi, həyat yoldaşımı və övladlarımı sarsıtdınız. Anamın və atamın, qayınatamın və qayınanamın evlərinə girdiniz.
Bütün bu dəhşətli ağrını və faciəni səbr və sükutla, iyirmi illik Bidzina İvanişvili ilə münasibətlərimə, ona olan böyük sevgimə, hörmətimə, sonsuz minnətdarlığıma və mütləq sədaqətimə görə içimdə saxladım.
Həmçinin siyasi ailəmin, komandamın və ölkəmizin maraqları naminə bütün bu yükü sözsüz şəkildə üzərimə götürdüm və öz ayaqlarımla sizin hazırladığınız amansız qurbangaha getdim. Nəticədə komanda daxilində müəyyən qrupun yaratdığı saxta təsəvvürlər, xəyallar, paxıllıq, qorxu və şübhələr səbəbindən məni beş il müddətinə həbsə göndərdiniz. Heç bir səbəb olmadan məni həbsə məhkum etdiniz”, – deyə o bildirib.
Qaribaşvili daha sonra həbsxanada da təzyiqlərlə üzləşdiyini iddia edib.
“İndi həbsxanada da məni rahat buraxmırsınız. Bu məktubla qarşıma çıxıb korrupsiya ittihamını etiraf etməyimi tələb edirsiniz ki, siyasətdən birdəfəlik uzaqlaşmağımla bağlı qeyd etdiyiniz 1 faizlik riski də sığortalayasınız. Bütün bunlar əxlaqsız şantaj və təzyiqlə müşayiət olunub – artıq ikinci dəfə 75 yaşlı atamın saxlanılması ilə bağlı mənə işarə edilib.
Siz mənim qəlbimin və ruhumun elə dərin qatlarına toxundunuz ki, məni sözün əsl mənasında ‘partlatdınız’ və başqa yol qoymadınız. Mən heç kimlə mübarizə aparmıram, yalnız özümü və ailəmi müdafiə edirəm. Buna görə də sizin atdığınız hər addıma məcburən eyni şəkildə cavab verməli olacağam”, – deyə Qaribaşvili qeyd edib.
O, sosial şəbəkələrdə və televiziya məkanında ona qarşı aparıldığını iddia etdiyi kampaniyaya da münasibət bildirib.
“Sosial şəbəkələrdə və televiziyada təşkil etdiyiniz ləyaqətsiz və böhtan xarakterli kampaniyaya, ekspertlərinizin və spikerlərinizin yalan fikirlərinə və narrativlərinə gəlincə, sizə bir söz deyəcəyəm: ehtiyatlı olun – mənim həqiqətimi anlayanda öz açıqlamalarınızdan utanacaqsınız.
Siz hamınız məni yaxşı tanıyırsınız. Mən yenə əvvəlki İrakli Qaribaşviliyəm, yenə də vətənimə, sizə və bütün komandaya xidmət etdiyim təmiz qəlb və sədaqətlə qalmışam. Məndən ölkənin, komandanın və Bidzina İvanişvilinin xaini obrazını yaratmağa çalışmağınız tamamilə əbəs və gücsüz cəhddir.
Mən ‘pis adamlarla sülh bağlamaram’. Heç vaxt ölkəmə qarşı getməmişəm və getməyəcəyəm. Ona görə də dayanın və susun!” – deyə o yazıb.
Qaribaşvili məktubunun sonunda bir daha heç kimə qarşı mübarizə aparmadığını, yalnız özünü və ailəsini müdafiə etdiyini vurğulayıb.
“Mən heç kimlə mübarizə aparmıram və heç kimə qarşı mübarizə aparmıram. Mən yalnız özümü və ailəmi müdafiə edirəm!” – deyə keçmiş baş nazir bildirib.
Qeyd edək ki, İrakli Qaribaşvili bir neçə gün əvvəl də məktub yayımlamış və həmin məktubun həbsxanaya ona göndərildiyini bildirmişdi. O, özünün və ailəsinin təhlükəsizliyinə görə şəxsi məsuliyyəti Bidzina İvanişvilinin üzərinə qoymuşdu.
Növbəti gün isə Qaribaşvili başqa açıqlama yayaraq həbsxanaya məktubu ona Mamuka Mdinaradzenin göndərdiyini bildirib. Onun sözlərinə görə, o, bir daha siyasətə qayıtmaq niyyətində olmadığını açıqlasa da, qarşılığında siyasətə qayıtması ilə bağlı 1 faizlik riskin hələ də qaldığı və bunun qarşısını almaq üçün ona korrupsiya ittihamının irəli sürülməsinin zəruri olduğu bildirilib.
Qaribaşvili həmin tələbi “qırmızı xətt” adlandırıb və məhz bunun onu mübarizəyə başlamaq qərarına gətirdiyini bildirib.


