13 
Nybr
2026
13:48
57

Şalva Papuaşvili: “Gürcüstanın bağlantılılıq məsələsində rolunu azaltmaq cəhdi Brüssel bürokratiyasının xırda qisasıdır”

“Gürcüstanın bağlantılılıq məsələsində rolunu azaltmaq cəhdi Brüssel bürokratiyasına xas olan xırda qisasçılıqdır. Bu qərar təsdiq edir ki, Avropa İttifaqı hazırda Gürcüstana zərər vurmaq xətti ilə hərəkət edir”, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

InterPress.ge xəbər verir ki, Şalva Papuaşvili bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Brüsselin bu cür addımları nəticədə iqtisadi və siyasi baxımdan Avropa İttifaqının özünə zərər vurur.

“Ən paradoksal məqam odur ki, bu cür xırda sancmalar və qisas cəhdləri ilə sonda özləri məğlub olurlar. İqtisadi baxımdan da, siyasi baxımdan da zərər görən özləri olurlar. Gürcüstan isə həm iqtisadi cəhətdən irəliləyir, həm də siyasi baxımdan güclənir.

Biz həm coğrafi mövqeyimiz, həm də quru və dəniz daşımaları baxımından Orta Dəhlizin əsas həlqələrindən biriyik. Gürcüstan Avropa İttifaqı və onun üzv dövlətləri üçün mühüm bağlantı nöqtəsidir. Bu cür laqeyd ifadələr onların xarici siyasətinin yetkin olmadığını bir daha göstərir.

Belə vəziyyətdə qərarların Brüsseldə deyil, ayrı-ayrı qeyri-rəsmi qruplar tərəfindən qəbul edildiyinə dair şübhələrimiz yaranır. Biz bağlantılılıq məsələsində öz rolumuza məsuliyyətlə yanaşacağıq, məsuliyyətsiz davranan isə Brüsseldir. Heç olmasa, öz səhv təcrübələrindən nəticə çıxarıb bundan sonra düzgün hərəkət etməlidirlər.

Bu qərar təsdiq edir ki, Avropa İttifaqı hazırda Gürcüstana zərər vurmaq xətti ilə hərəkət edir. Görünür, Gürcüstan və gürcü xalqına siyasi, iqtisadi və sosial baxımdan zərər vurmaq üçün aydın plan mövcuddur. Bütün bu istiqamətlərdə Avropa İttifaqının və onun səfirliyinin Gürcüstana zərər vurmaq planının həyata keçirilməsində birbaşa iştirak etdiyini görürük.

Avropa İttifaqının bu mövqedə olmadığını sübut etmək üçün atmalı olduğu ilk addım Aİ səfirinin 2025-ci il oktyabrın 4-də Gürcüstan Prezidentinin iqamətgahına hücumu pisləməsi olardı. Xatırladıram ki, o, son mətbuat konfransında bu suala cavab verməkdən yayındı və ümumi şəkildə Avropa İttifaqının zorakılığı pislədiyini bildirdi.

Biz uşaq deyilik. Əgər səfir uşaq bağçasına təyin olunduğunu düşünürsə, yanılır və tariximizə nəzər salmalıdır. Pavel Herçinskidən 2025-ci il oktyabrın 4-də Prezidentin iqamətgahına hücumu pislədiyi barədə konkret açıqlama eşitməyənədək, o, həmin hücumun tərəfdarı və onu ört-basdır edən şəxs olaraq qalır. Ümumi ifadələrlə Brüssellə danışa bilərlər, biz isə konkret cavablar istəyirik”, – deyə Papuaşvili bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının sözçüsü Giyom Mersyenin açıqlamasına görə, gələn bazar ertəsi bağlantılılıq məsələləri üzrə keçirilməsi planlaşdırılan nazirlər görüşündə Gürcüstanın iştirakı hər bir konkret hal üzrə ayrıca müəyyən edilir. Onun sözlərinə görə, Gürcüstan tərəfi həmin görüşə dəvət olunub, lakin daha aşağı səviyyədə təmsilçilik nəzərdə tutulub.

Genişlənmə məsələləri üzrə gələn həftə keçirilməsi planlaşdırılan görüşə isə Gürcüstan dəvət edilməyib.

Avropa Komissiyasının sözçüsü bildirib ki, Gürcüstan hakimiyyəti mövcud siyasi kursunu dəyişməyə qəti hazır olduğunu nümayiş etdirənədək Avropa İttifaqının ölkə rəhbərliyi ilə münasibətləri məhdud olaraq qalacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər