Gürcüstan da Avropa təhlükəsizliyinin əsas prinsipləri ilə bağlı bəyannaməyə qoşulub – Sənədi 40 ölkə imzalayıb
Gürcüstan da daxil olmaqla, 40-a yaxın ölkə Avropa təhlükəsizliyinin əsas prinsipləri ilə bağlı bəyannaməni imzalayıb. Sənədi imzalayan dövlətlər Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəklərini bir daha təsdiqləyiblər.
InterPress.ge xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun rəsmi internet səhifəsində dərc olunan bəyannamədə qeyd olunub.
Sənəddə Ukrayna üçün möhkəm və etibarlı təhlükəsizlik təminatlarının yaradılmasının vacibliyi vurğulanır. Həmçinin müvafiq dövlətlər gələcəkdə Avropada təcavüzün təkrarlanmasının qarşısını almaq məqsədilə belə təminatlar vermək niyyətlərini bir daha təsdiqləyirlər.
Bəyannaməni imzalayan ölkələr Rusiyanın hibrid kampaniyalarının və Ukraynaya dəstəyi zəiflətmək cəhdlərinin onların Ukraynaya sadiqliyini və qətiyyətini daha da gücləndirəcəyini bildiriblər.
Sənəddə vurğulanır ki, Ukraynada sülhə nail olmağın yolları Ukraynanın özü ilə birlikdə müəyyən edilməli, Avropanın təhlükəsizliyi ilə bağlı bütün məsələlər isə avropalıların iştirakı ilə müzakirə olunmalıdır.
İmzacı dövlətlər Ukraynanın təhlükəsizliyinin Avroatlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu və Avropanın strateji sabitliyinin gələcək inkişafının Ukraynadakı müharibənin başa çatmasından asılı olacağını qeyd ediblər.
Bəyannaməni Albaniya, Andorra, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya imzalayıb.


