13 
Nybr
2026
13:45
79

Gürcüstan Penitensiar Xidmətinin keçmiş rəhbərliyinə və 5 məhbusa qarşı ittiham irəli sürülüb

Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin keçmiş baş direktoru Giorgi Pataridze və 8 saylı penitensiar müəssisənin keçmiş direktoru Ramaz Pirtsxalava, həmçinin beş məhbus barəsində məhbus David Peikrishviliyə həbsxana kamerasında hücum edilməsi ilə bağlı ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu keçirdiyi brifinqdə məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Giorgi Pataridze vəzifə səlahiyyətlərini aşmaqda, Ramaz Pirtsxalava isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Eyni iş üzrə məhbuslar Vato Kipiani (Vaxтанq Jvaniya), Şota Kipiani, Avtandil Bilanışvili, David Kaçarava və Pavle Qotsiridzeyə də yeni ittihamlar irəli sürülüb.

Qurumun açıqlamasına əsasən, David Peikrishviliyə qarşı zorakılıq faktı ilə bağlı istintaq 2026-cı ilin oktyabrında Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyində başlayıb. Obyektiv araşdırmanın təmin edilməsi məqsədilə cinayət işi oktyabrın 25-də Gürcüstan Baş Prokurorluğuna təhvil verilib.

İstintaqla müəyyən edilib ki, 2026-cı il oktyabrın 16-da eyni cinayət işi üzrə saxlanılan Vato Kipiani, Şota Kipiani və Avtandil Bilanışvili 8 saylı penitensiar müəssisəyə yerləşdiriliblər.

Onların kameralara bölüşdürülməsindən əvvəl Vato Kipianinin xahişi əsasında Xüsusi Penitensiar Xidmətin baş direktoru Giorgi Pataridzenin göstərişi və 8 saylı müəssisənin direktoru Ramaz Pirtsxalavanın qərarı ilə qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Nəticədə adıçəkilən üç nəfərlə yanaşı, həmin müəssisədə saxlanılan David Kaçarava və məhkum Pavle Qotsiridze də David Peikrishvilinin olduğu kameraya yerləşdiriliblər.

Həmin gün Vato Kipiani, Şota Kipiani, Avtandil Bilanışvili, David Kaçarava və Pavle Qotsiridze qrup halında David Peikrishviliyə fiziki zorakılıq göstəriblər. Prokurorluğun məlumatına görə, zorakılıq 2026-cı il oktyabrın 20-dək davam edib.

Hücum nəticəsində David Peikrishvilinin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarətlər qeydə alınıb. Onun dörd qabırğası, onurğa fəqərələrinin köndələn çıxıntıları sınıb, həmçinin beyin silkələnməsi baş verib. Bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib.

Toplanmış sübutlar əsasında Xüsusi Penitensiar Xidmətin keçmiş baş direktoru Giorgi Pataridzeyə vəzifə səlahiyyətlərini aşma, 8 saylı penitensiar müəssisənin keçmiş direktoru Ramaz Pirtsxalavaya isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı irəli sürülüb. Bu cinayətlərə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Vato Kipiani, Şota Kipiani, Avtandil Bilanışvili, Pavle Qotsiridze və David Kaçaravaya isə David Peikrishviliyə qarşı qrup halında qəsdən sağlamlığa az ağır zərər vurmaq ittihamı irəli sürülüb. Bu əmələ görə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Qurumun bildirdiyinə görə, iş üzrə istintaq davam edir və araşdırmanın gedişi, eləcə də nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər