16 
Fev
2025
22:04
323

Dünya bazarlarında gümüşün qiymətində artım - Gürcüstanda da təsiri hiss olunur

Dünya birjalarında 14 fevral, cümə günü gümüşün qiyməti son üç ayın ən yüksək səviyyəsinə çataraq bir unsiya üçün 33 dolları keçdi. Lakin günün sonuna doğru qiymət 32.15 dollaradək azaldı.

InterPress.ge xəbər verir ki, ümumilikdə, bir aylıq dövrdə qiymət 4.4%, son bir il ərzində isə 40% artım nümayiş etdirib.

Gümüşün qlobal bazarda bahalaşmasının əsas səbəbi sənayedə, xüsusilə günəş panelləri istehsalında artan tələbdir. Trading Economics-in məlumatına görə, Çin, Hindistan və İndoneziya külək və günəş enerjisi sahəsinə böyük sərmayələr yatırır, bu da gümüşə olan tələbi artırır.

Gümüş qiymətindəki bu artım Gürcüstanda da müşahidə olunur. “Biznespressnyus”-a açıqlamasında "Qızıl Gəmi" şirkətinin direktoru Nana Songuliya bildirib ki, 1 qram gümüşün qiyməti hazırda 10-12 lari civarındadır.

“Qızılın bahalaşması ilə yanaşı, gümüşün də qiyməti artır. Lakin gümüş ümumilikdə daha ucuz olduğu üçün alıcılar onu rahatlıqla əldə edə bilirlər”, – deyə Nana Songuliya bildirib.

Hazırkı tendensiya göstərir ki, bazar iştirakçıları gümüşə olan tələbin daha da artacağını gözləyirlər.

Bizimlə əlaqə saxlayın