20 
Iyn
2026
18:28
137

İran Hörmüz boğazını bağladığını elan etdi

İranın hərbi rəhbərliyi Livanda atəşkəs rejiminin pozulduğunu və ABŞ-ın müharibənin dayandırılması ilə bağlı razılaşmanın şərtlərinə əməl etmədiyini əsas gətirərək Hörmüz boğazının gəmi hərəkəti üçün bağlandığını bəyan edib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN İran mediasına istinadən məlumat yayıb. Məlumata görə, bəyanat İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı tərəfindən verilib.

Açıqlamada bildirilir ki, ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və Livanın cənubunda İsrail tərəfindən atəşkəs rejiminin davamlı şəkildə pozulması fonunda Tehran bu addımı atmaq qərarına gəlib.

"ABŞ-ın qeyri-səmimi davranışını, müharibənin başa çatdırılması haqqında memorandumun birinci maddəsi üzrə öhdəliklərin açıq şəkildə pozulmasını və sionist rejimin Cənubi Livanda atəşkəsi davamlı şəkildə pozmasını nəzərə alaraq, Hörmüz boğazı gəmi hərəkəti üçün bağlanacaq", – deyə İranın hərbi komandanlığının bəyanatında qeyd olunur.

Məlumatda xatırladılır ki, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinin daha əvvəl yaydığı açıqlamaya əsasən, tərəflər arasında əldə olunmuş 14 bəndlik qarşılıqlı anlaşma memorandumu bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. Bu boğaz vasitəsilə qlobal neft və mayeləşdirilmiş qaz tədarükünün mühüm hissəsi həyata keçirilir. Buna görə də boğazın bağlanması ilə bağlı açıqlama beynəlxalq bazarlarda və regionda təhlükəsizlik məsələləri baxımından ciddi narahatlıq yarada bilər.

Bizimlə əlaqə saxlayın