ABŞ və Rusiya rəsmiləri Ukrayna müharibəsi ilə bağlı görüşəcək
Ukraynada davam edən müharibənin dayandırılması ilə bağlı razılaşmanın müzakirəsi üçün ABŞ və Rusiya rəsmilərinin görüşü gələn həftə, çərşənbə axşamı, Səudiyyə Ərəbistanında keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibinə aşağıdakı yüksək rütbəli şəxslər daxildir:
Dövlət katibi Marko Rubio; Milli təhlükəsizlik üzrə Ağ Ev müşaviri Mayk Uolts;Yaxın Şərq üzrə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkof.
Hələlik Rusiya tərəfdən görüşdə kimin iştirak edəcəyi bəlli deyil. Lakin mənbələrdən biri “Axios”a bildirib ki, danışıqlara Rusiya xarici işlər naziri Sergey Lavrovun qatılma ehtimalı yüksəkdir.
Məsələ ilə bağlı Stiv Uitkof “Fox News”-a açıqlama verərək bildirib ki, o və Mayk Uolts bazar günü gecə Səudiyyə Ərəbistanına yola düşəcəklər. ABŞ dövlət katibi Marko Rubio isə İsrailə səfərinin ardından bazar ertəsi Səudiyyə Ərəbistanına gedəcək.


