Donald Tramp: “Putin müharibəni dayandırmaq istəyir”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin dayandırılmasını istəyir. Bu barədə The Hill nəşri məlumat yayıb.
InterPress.ge xəbər verir ki, Tramp bu açıqlamanı jurnalistlərin “Putin nə istəyir?” sualına cavab olaraq verib.
“Düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir. Mən bunu görürəm. Biz bu mövzuda uzun və ciddi danışdıq. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof onunla təxminən üç saat danışdı. Fikrimcə, Putin döyüşü bitirmək istəyir”, – deyə Tramp bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya güclü hərbi sistemə malikdir:
“Onların böyük və güclü hərbi maşını var. Bunu başa düşmək lazımdır. Onlar Hitleri və Napoleonu məğlub ediblər. Bildiyiniz kimi, uzun illərdir döyüşürlər. Lakin hesab edirəm ki, Putin müharibəni bitirmək istəyir”, – deyə ABŞ prezidenti əlavə edib.
Jurnalistlərin “Putinin hansı ərazi iddiaları var? Sizcə, o, bütün Ukraynanı ələ keçirmək istəyirmi?” sualına cavab olaraq Tramp bildirib ki, o da Putinə eyni sualı verib:
“Mənə elə gəlir ki, o, dayanmaq istəyir. Bu, mənim ona verdiyim əsas suallardan biri idi. Çünki əgər o, müharibəni davam etdirsə, bu, bizim üçün böyük problem olacaq. Mənim üçün də böyük problem olacaq. Fikrimcə, həm o, həm də Zelenski müharibənin tez bir zamanda bitməsini istəyir”, – deyə Tramp vurğulayıb.


