
Gürcüstan məktəblərinin şagirdləri II Türk İnteqrasiya Olimpiadasında qalib oldular
Mayın 3-də Bakıda Türk dünyası II Türk İnteqrasiya Olimpiadası (TİO) keçirilib.
InterPress.ge xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun təsisçisi olduğu II Türk İnteqrasiya Olimpiadası türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında təşkil olunub.
Olimpiadada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqurdustan, Altay, Tuva, Saxa, Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri ilə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərinin şagirdləri də qatılıb.
Olimpiadada iştirak edən Gürcüstandan gələn şagirdlərin hər biri medal qazanıb.
Belə ki, 1 nəfər qızıl (Qənbərli Nəzrin Rövşən qızı), 2 nəfər gümüş (Qasımov Muhammed Şaiq oğlu, Qasımova Sibel Tural qızı) və 1 nəfər isə bürünc medalla (Allahyarov Məhəmmədəli Azər oğlu) təltif olunub. Gürcüstan heyətinə Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova rəhbərlik edib.
Xatırladaq ki, TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan "Hədəf Nəşrləri" tərəfindən təsis edilib. 14 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır, bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi əhatə edir.