14 
Iyl
2025
17:06
208

Xalq Müdafiəçisi Aparatı Giorgi Baçiaşvili ilə görüş barədə məlumat yayıb

Gürcüstan Xalq Müdafiəçisi Aparatı həbsdə olan “Birgə İnvestisiya Fondunun” keçmiş rəhbəri Giorgi Baçiaşvili ilə Xalq Müdafiəçisinin nümayəndəsinin görüşü barədə məlumat yayıb.

Bəyanatda bildirilir ki, Giorgi Baçiaşvili 12 iyul tarixində Xalq Müdafiəçisi Aparatına ona qarşı edilən hücumun təfərrüatları barədə məlumat verib və xahiş edib ki, bu məlumat, onun vəkilləri tərəfindən ictimaiyyətə açıqlanana qədər gizli saxlanılsın.

Aparatın məlumatına görə, baş verənlərlə bağlı artıq Gürcüstan Baş Prokurorluğuna, Xüsusi Penitensiar Xidmətə, Penitensiar Xidmətin Tibb Departamentinə və №8 Penitensiar Müəssisənin rəhbərliyinə müraciət edilib.

Xalq Müdafiəçisi Aparatı vurğulayır ki, istintaq çərçivəsində zorakılıqla bağlı bütün müvafiq halların, o cümlədən müəssisə rəhbərliyinin mümkün cinayət xarakterli iştirakı və məhkumun təhlükəsizliyi ilə bağlı risklərin səmərəli idarə olunması məsələlərinin araşdırılması son dərəcə vacibdir.

Bəyanatda deyilir:

“12 iyulda Xalq Müdafiəçisi Aparatına №18 Penitensiar Müəssisədən məhkum Giorgi Baçiaşvili zəng edərək ona qarşı edilmiş qeyri-insani rəftar barədə məlumat verdi.

Xalq Müdafiəçisinin nümayəndəsi dərhal müəssisədə Giorgi Baçiaşvili ilə görüşdü və onunla söhbət etdi.

Giorgi Baçiaşvilinin dediyinə görə, 11 iyulda №8 Penitensiar Müəssisədə yerləşdiyi kameraya tanımadığı bir şəxs daxil olub, əvvəlcə onu təhqir edib, sonra isə fiziki zorakılıq tətbiq edib. (Sonradan müəssisə rəhbərliyi bildirib ki, həmin şəxs başqa bir məhkum imiş.)

Baçiaşvili həmin gecə müəssisədən klinikaya köçürülüb, hazırda isə №18 Tibb Müəssisəsində müalicə alır. O, Xalq Müdafiəçisi Aparatından xahiş edib ki, bu məlumat onun vəkilləri tərəfindən ictimaiyyətə açıqlanana qədər yayılmasın.

Xalq Müdafiəçisi Aparatı bu məlumat əsasında artıq Gürcüstan Baş Prokurorluğuna, Xüsusi Penitensiar Xidmətə (müvafiq videoyazıların qorunması məqsədilə), Penitensiar Xidmətin Tibb Departamentinə və №8 Penitensiar Müəssisənin rəhbərliyinə rəsmi qaydada müraciət edib.

Xalq Müdafiəçisi vurğulayır ki, istintaq çərçivəsində zorakılıqla bağlı bütün müvafiq hallar, o cümlədən müəssisə rəhbərliyinin cinayət xarakterli hərəkətlərdə mümkün iştirakı və məhkumun təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər mütləq araşdırılmalıdır.

Xalq Müdafiəçisi Aparatı məhkumun vəkilləri ilə aktiv əlaqə saxlayır və onun hüquqlarının qorunmasına dair monitorinqi davam etdirəcək.”

Məlumat üçün:

“Birgə İnvestisiya Fondunun” keçmiş rəhbəri Giorgi Baçiaşvili Qldani həbsxanasından məktub yayaraq ona qarşı edilən zorakılığın təfərrüatlarını açıqlamışdı. Onun yazdığına görə, 8 iyulda №8 müəssisənin rəhbəri David Qoqoberişvili onu yanına çağırıb və Bidzina İvanişvili üçün bütün bank hesabları və kriptovalyuta əməliyyatları barədə məlumatları açmağı tövsiyə edib. 11 iyul axşamı isə kamerasına daxil olan tanımadığı bir şəxs tərəfindən döyülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər