Marneulidə bilik yarışı: OXU Olimpiadasının ilk turu keçirilib
Marneulidə məktəblilər arasında keçirilən OXU Olimpiadasının “Payız semestri” layihəsinə start verilib. Oktyabrın 17-də təşkil olunan ilk turda Marneuli, Bolnisi və Qardabani bələdiyyələrini təmsil edən 200-dən çox şagird iştirak edərək biliklərini nümayiş etdirib.
InterPress.ge xəbər verir ki, OXU Təhsil Mərkəzi və İnkişaf və Təhsil Mərkəzinin birgə həyata keçirdiyi layihə Azərbaycan bölməsində təhsil alan II–XII sinif şagirdlərini əhatə edir. İştirakçılar gürcü dili, riyaziyyat və ingilis dili fənləri üzrə imtahan veriblər. Olimpiadanın növbəti mərhələsinə keçmək üçün şagirdlər ilk turda ən azı 60 bal toplamalıdırlar.
OXU Təhsil Mərkəzinin rəhbəri Murad Muradovun sözlərinə görə, bu cür təşəbbüslər şagirdlərə biliklərini real rəqabət şəraitində yoxlamaq və təhsildə qarşılarına daha böyük hədəflər qoymaq imkanı yaradır.
Murad Muradov qeyd edib ki, olimpiadanın əsas məqsədi yalnız nəticələri müəyyənləşdirmək deyil, həm də uşaqları öyrənməyə həvəsləndirmək, onların potensialını üzə çıxarmaq və bölgədə təhsil mühitinin inkişafına dəstək verməkdir. O, yarışda iştirak edən şagirdlərin sayını müsbət göstərici kimi qiymətləndirib və qarşıdakı mərhələlərdə onlara uğurlar arzulayıb.
OXU Olimpiadası – “Payız semestri” məktəblilərin fənlər üzrə hazırlıq səviyyəsini müəyyənləşdirməklə yanaşı, onların biliklərini artırmasına və yeni uğurlar qazanmasına şərait yaradan təhsil təşəbbüsüdür.


