16 
Okt
2026
14:49
74

Avropa İttifaqı 2026-cı ildə Gürcüstanda yeni layihələr üçün 38 milyon avro ayıracaq

Avropa İttifaqı Gürcüstanda demokratik proseslərin geriləməsi səbəbindən ölkə hökumətini maliyyələşdirməyi dayandırsa da, Gürcüstan əhalisinə dəstəyini davam etdirəcək. 2026-cı ildə yeni layihələrin həyata keçirilməsi üçün 38 milyon avro vəsait ayrılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

Nümayəndəliyin açıqlamasına görə, Avropa İttifaqı 30 ildən artıqdır Gürcüstan əhalisini dəstəkləyir. 1992-ci ildən bəri qurum ölkənin inkişafına kömək məqsədilə kənd təsərrüfatının inkişafı, regionlarda yaşayan insanların öz bizneslərini qurmasına dəstək, havanın keyfiyyətinin yaxşılaşdırılması və Şərq-Qərb sürətli avtomobil magistralının modernləşdirilməsi də daxil olmaqla müxtəlif sahələrə 2 milyard avrodan çox investisiya yatırıb.

Avropa İttifaqı 2026-cı ildə də Gürcüstanın müxtəlif bölgələrində ailələr və icmalar üçün müsbət dəyişikliklərə nail olmağa yönəlmiş layihələri maliyyələşdirəcək.

Maliyyələşdiriləcək layihələrin əsas istiqamətləri bunlardır:

Kiçik şəhər və qəsəbələrdə iqtisadi imkanların yaradılması;

Dəyişən əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi;

Qadınların iştirakı ilə kənd və regionlarda sosial-iqtisadi inkişafın dəstəklənməsi;

Bazarlara çıxış imkanlarının yaxşılaşdırılması və qida məhsullarının keyfiyyətinin artırılması;

Qadınlara və qızlara qarşı zorakılıqla mübarizə;

Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi;

İqlim dəyişikliyinə uyğunlaşma və təbii fəlakətlərə hazırlıq;

Abxaziyada yaşayan icmalara dəstəyin davam etdirilməsi.

Bizimlə əlaqə saxlayın