Bolnisidə kişi həyat yoldaşını bıçaqlayaraq öldürdü
Kvemo Kartli Polis Departamentinin istintaq idarəsinin əməkdaşları ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə şübhəli bilinən 1946-cı il təvəllüdlü A.V.-ni cinayət başından dərhal sonra saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, Bolnisi rayonunun kəndlərindən birində yaşayan təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində 1950-ci il təvəllüdlü həyat yoldaşı E.T.-yə soyuq silahla ağır xəsarət yetirib. Qadın aldığı yaralardan hadisə yerindəcə ölüb.
Polis əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlini saxlayıb, cinayətdə istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) üzrə istintaq aparılır. Maddə 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


