Faiq Quliyev: Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyarda dollar olması hədəflənir
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması hədəflənir.
InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masa müzakirəsində deyib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstanın iqtisadi potensialı genişdir və siyasi rəhbərlik ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyub.
Faiq Quliyev yaşıl enerji sahəsində nəzərdə tutulan layihələrə də toxunaraq bildirib ki, gələcək təşəbbüslər çərçivəsində iki ölkəyə təxminən 6–7 milyard dollar həcmində investisiyanın cəlb olunması gözlənilir. Onun sözlərinə görə, bu investisiyalar xalqların rifahına xidmət edəcək.
Səfir Azərbaycan və Gürcüstanın coğrafi mövqeyindən səmərəli istifadə edilməsinin, nəqliyyat və iqtisadi imkanların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin beynəlxalq tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi mövqelərinin gücləndiyini bildirib.
Diplomat, həmçinin ikitərəfli münasibətlərdə ortaya çıxan məsələlərin dialoq və müzakirələr yolu ilə həllinin mümkünlüyünə inamını ifadə edib.
Qeyd edək ki, Azərbaycanın rəsmi statistikasına əsasən, bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 900 milyon dollar olub.


