19 
Okt
2026
17:55
66

Tbilisidə “Aktual Media Məktəbi”nin yeni təlim mərhələsinə start verilib

Tbilisidə gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılmasını hədəfləyən “Aktual Media Məktəbi”nin dördüncü təlim mərhələsinin açılış tədbiri keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Aktual Media” tərəfindən təşkil olunan üçaylıq proqram Gürcüstanda yaşayan azərbaycanlı gəncləri əhatə edir. Ümumilikdə 24 təlimdən ibarət olan proqramın əsas məqsədi iştirakçıların nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və onları media sahəsində peşəkar fəaliyyətə hazırlamaqdır.

Təlimlərin bir hissəsi Gürcüstan İctimai Yayımçısının studiyalarında keçiriləcək. Proqram çərçivəsində gənclərin mütəxəssislər, diplomatlar və peşəkar jurnalistlərlə görüşləri, eləcə də dövlət qurumlarına, diplomatik nümayəndəliklərə, televiziya studiyalarına və mədəniyyət ocaqlarına səfərləri nəzərdə tutulur.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Proqramı fərqlənmə ilə başa vuran gənclərin işlə təmin olunmasına dəstək göstərilməsi və onlara tövsiyə məktublarının verilməsi də planlaşdırılır.

Məktəbin təlimçiləri jurnalistlər Ramilia Əliyeva və Ruslan Həsənovdur.

Tədbirdə çıxış edən “Aktual Media”nın təsisçisi İlkin Hüseynov bildirib ki, təşkilat media məktəbi layihəsinin həyata keçirilməsi sahəsində artıq təcrübəyə malikdir.

Onun sözlərinə görə, layihə 2022, 2023 və 2024-cü illərdə də təşkil olunub. Budəfəki təlim mərhələsində isə 30-a yaxın gənc iştirak edir.

İlkin Hüseynov əvvəlki buraxılışların bəzi məzunlarının hazırda təşkilatın fəaliyyətində iştirak etdiyini vurğulayıb. O, builki proqramın gənclər üçün daha geniş imkanlar yaradacağına əminliyini ifadə edib və layihəyə dəstək göstərən şəxslərə, o cümlədən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə təşəkkürünü bildirib.

Gürcüstan İctimai Yayımçısının “Rəngarəng Gürcüstan” departamentinin rəhbəri, jurnalist Ramilia Əliyeva da çıxışında gənclərin media sahəsində inkişafının əhəmiyyətindən danışıb.

O bildirib ki, ictimai yayımçı olaraq “Aktual Media Məktəbi” layihəsinə dəstək göstərirlər və bu əməkdaşlıq artıq ikinci dəfə həyata keçirilir.

Ramilia Əliyevanın sözlərinə görə, iştirakçılar Gürcüstan İctimai Yayımçısının müasir binası və studiyaları ilə tanış olmaq, müasir texnologiyalardan istifadə imkanlarını öyrənmək və jurnalistikanın müxtəlif istiqamətləri üzrə biliklərini artırmaq fürsəti qazanacaqlar. Təlimlərə Gürcüstanın aparıcı jurnalistləri və analitikləri də cəlb olunacaqlar.

Məktəbin digər təlimçisi, jurnalist Ruslan Həsənov da gənclərin jurnalistika sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinin vacibliyinə diqqət çəkib.

Təlim proqramı çərçivəsində iştirakçıların xəbər hazırlamaq, məlumatları düzgün təhlil etmək, müsahibə aparmaq və media fəaliyyətinin müxtəlif istiqamətləri üzrə təcrübə qazanmaq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, layihə gənclərin peşəkar jurnalistikaya hazırlanmasına və gələcəkdə media sahəsində daha fəal iştirakına dəstək məqsədi daşıyır.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov isə jurnalistikanın cəmiyyətdəki roluna və media nümayəndələrinin məsuliyyətinə diqqət çəkib.

O qeyd edib ki, jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyəti düzgün, vicdanlı, qərəzsiz və tərəfsiz məlumatlandırmaq, mövcud problemləri obyektiv şəkildə işıqlandırmaqdır.

Fuad Çıraqov Gürcüstanda yaşayan azərbaycanlıların yaratdığı müstəqil media qurumlarının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, müstəqil media soydaşlarımızın öz fikirlərini və problemlərini cəmiyyətə çatdırmaları, eləcə də Gürcüstan cəmiyyətinə inteqrasiyaları baxımından mühüm rol oynayır.

O bildirib ki, səfirlik soydaşlarımızın inkişafına və onların Gürcüstan cəmiyyətində fəal iştirakına dəstək göstərməyə davam edəcək.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Yüksel Kara, xeyriyyəçi iş adamı Rəhim Hüseynov, “Aktual Media” komandasının üzvü, ictimai-siyasi fəal Nərgiz Əliyeva, siyasi fəal Əhməd İmamquliyev, Bolnisi Rayon Məhkəməsinin hakim katibi Ramin Axundov və Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov da çıxış ediblər.

Natiqlər “Aktual Media Məktəbi” layihəsinin əhəmiyyətini vurğulayaraq, gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılmasının, onların peşəkar inkişafının dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, üç ay davam edəcək proqram gənclərin media sahəsində nəzəri biliklərinin və praktiki təcrübələrinin artırılmasına, eləcə də onların gələcək peşəkar fəaliyyətlərinə hazırlanmasına xidmət edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər