30 
Sen
2025
12:15
274

Gürcüstanda doğum göstəricisi 90 ilin ən aşağı həddinə düşüb

Gürcüstanda demoqrafik böhran dərinləşir.

InterPress.ge xəbər verir ki, Demoqraf Giorgi Meladzenin “açıqlamasına görə, ölkədə demoqrafik qocalma və əhalinin depopulyasiya prosesi müşahidə olunur.

Rəsmi statistika göstərir ki, 2024-cü ildə ölkədə cəmi 39 483 uşaq doğulub – bu, son 30 ilin ən aşağı göstəricisidir. Müqayisə üçün, 2014-cü ildə bu rəqəm 60 635 idi.

Son illərdə ölüm halları da azalma meyli göstərsə də, onların sayı doğumlardan artıq qalır: ötən il 43 971 nəfər dünyasını dəyişib.

Meladzenin sözlərinə görə, Gürcüstanda artıq uzun müddətdir nəsilartımı prosesi dayanıb:

1990-cı illərin ortalarından etibarən nəsillərin tam əvəzlənməsi baş vermir.

Mövcud tendensiya davam etsə, gələcəkdə nəsillərin yalnız 80%-i yenilənəcək.

2024-cü ildə doğulanların sayı 1935-ci ildən bəri ən aşağı həddə düşüb. Daha az doğum yalnız 1943-cü ildə – İkinci Dünya Müharibəsi dövründə qeydə alınıb.

2025-ci ilin ilk yarısında isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 159 uşaq az doğulub.

Ekspert qeyd edir ki, əsas səbəblərdən biri də məhsuldar yaşda (15–49 yaş) qadınların sayının azalmasıdır. 1995-ci ildə bu yaş qrupunda 1,22 milyon qadın qeydə alınmışdısa, 2025-ci ilin əvvəlinə onların sayı 401,5 min nəfər azalıb.

Meladze həmçinin bildirir ki, son onilliklərdə Gürcüstanda miqrasiya balansı mənfi olub. 2024-cü ildə ilk dəfə müsbət saldo qeydə alınsa da, ölkəni tərk edənlərin 53,2%-i Gürcüstan vətəndaşlarıdır.

O, vəziyyətin düzəlməsi üçün dövlət səviyyəsində alimlərdən ibarət daimi qrupun yaradılmasını zəruri hesab edir:

“Demoqrafik problemlərin həlli çox çətindir və ən yaxşı halda onilliklər tələb edəcək.”

 

 

 

 

Bizimlə əlaqə saxlayın