Gürcüstanda mövsümi qripə qarşı vaksinasiya kampaniyası başladı
Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə mövsümi qripə qarşı vaksinasiya prosesi rəsmi olaraq start götürüb.
InterPress.ge xəbər verir ki, peyvəndləmə bütün vətəndaşlar üçün tamamilə pulsuz həyata keçiriləcək.
Nazirliyin yaydığı məlumata əsasən, dövlət immunizasiya proqramı çərçivəsində Gürcüstan 200 000 doza Fransada istehsal olunan, dördkomponentli “VaxigripTetra™” (SANOFI WINTHROP INDUSTRIE) vaksinini alıb. Sözügedən preparat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan vaksinlərdən biridir.
“Vaksin mövsüm ərzində dövriyyədə olacağı proqnozlaşdırılan virus ştammlarına uyğunlaşdırılıb.
Qrip bəzi insanlar üçün ciddi təhlükə yarada bilər, buna görə də xroniki xəstəlikləri olan və yüksək risk qrupuna daxil şəxslərin peyvənd olunması xüsusilə vacibdir,” – deyə məlumatda qeyd olunur.
Peyvəndləmə 6 aylıq yaşı tamam olmuş şəxslərdən etibarən icra olunur və benefisiarlar üçün tamamilə pulsuzdur.
Vaksinasiya xidmətləri göstərən tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün linkə keçid edin:
https://ncdc.ge/#/pages/file/87a090e3-e8de-4d08-adaf-aaf0cb8b7128


